“Mövsümün gedişində baş məşqçi dəyişikliyi heç də arzulanan hal deyil”
"Neftçi"nin yarımmüdafiəçisi Murad Ağayev Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Maraqlı və çətin oyun alındı. Xal itirmək istəmirdik. Hücumlar etdik, xoşbəxtliyi rəqib qapısı qarşısında axtarmağa çalışdıq. Amma bəxtimiz gətirmədi.
- Komandanıza bu oyunda nə çatışmadı?
- Oyunumuz alınmadı. Özümüzə bəraət qazandırmaq istmirəm. Amma onu deməliyəm ki, hesab oyuna görə olmadı.
- "Sumqayıt" sizin üçün doğma komandadır. Onlara qarşı oynamaq necə idi?
- Xoş oldu. Hazırda rəqibimiz olsa da, vaxtilə Sumqayıtda keçirdiyim illəri yada saldım. Klub sağ olsun ki, bu illər ərzində mənə çox kömək etdi.
- "Neftçi" hələ də autsayderlər qrupundan çıxa bilmir...
- "Neftçi"də müəyyən qədər eniş var. Mövsümün gedişində baş məşqçi dəyişikliyi heç də arzulanan hal deyil. Bu, oyunçulara da çətinlik yaradır. İndi baş məşqçi əlindən gələni edir ki, komandanı bu vəziyyətdən çıxarsın. Heç nə əbədi deyil. "Neftçi" də əvvəlki günlərini qaytaracaq. Bu kluba gələndə yaxşı formada idim. Amma sonra zədələnməyim işləri korladı. İndi yenidən əvvəlki formamı bərpa etmək və komandama kömək etmək istəyirəm.
- Ötən mövsüm "Xəzər Lənkəran" da belə vəziyyətdə idi və yayda dağıldı. "Neftçi"nin də oxşar aqibəti yaşayacağından qorxmursunuz?
- Xeyr, "Neftçi"nin "Xəzər Lənkəran"ın taleyini yaşayacağını düşünmürəm. Hər şey yaxşı olacaq. Buna inanıram.
- Qarşıda uzun müddətdir qələbə qazana bilməyən "Kəpəz"lə oyun var...
- "Kəpəz"ə qarşı səfərdə oynamaq həmişə çətindir. Amma bizim hədəfimiz Gəncədə xal qazanmaqdır. İtiriləsi heç nəyimiz yoxdur.
