Edson Kastilyo: Qışdan sonra tam fərqli Neftçi görəcəksiniz
"Neftçi"nin yarımmüdafiəçisi Edson Kastilyo Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- İlk dəqiqələrdən oyuna köklənməyə çalışdıq. Matça yaxşı başlamaq istəyirdik. Amma oyun start götürən kimi qol buraxdıq. "Sumqayıt" kimi komanda hesabı açandan sonra oynamaq çətin olur. Hesaba tarazlıq gətirməyə, hücum etməyə çalışsaq da, heç nə alınmadı. İkinci yarıda açıq oyun getdi. Əks-hücumda buraxılan ikinci qol oyunun taleyini həll etdi.
- Bu rəqibə ilk dövrədə də uduzmuşdunuz. Komandada uğur qazanmaq üçün nə çatışmır?
- Hər şey qaydasındadır. Məşq edirik, hazırlaşırıq. Oyunlar zamanı bizə nə çatmır, bu, anlaşılmazdır. Meydana qələbə üçün çıxsaq da, alınmadı. Bundan əvvəlki turlarda da yaxşı oynadığımız halda qələbə qazana bilməmişdik. Amma bu gün elə də yaxşı təsir bağışlamadıq.
- Melnyakla Denilson klubdan ayrıldı, legionerlərin əksəri əvəzedici komandadadır. Bəlkə bunun təsiri var?
- Deməzdim ki, gedənlərin oyunumuza ciddi təsiri var. Meydana kimin çıxmasının da fərqi yoxdur. Biz hamımız qələbə qazanmaq istəyirik. Sadəcə, bu dəfə alınmadı.
- Maaşlarınızın vaxtında verilməməsinin nə dərəcədə təsiri var?
- Komandada yenilənmə gedir. Yeni baş məşqçimiz, məşqçilərimiz var. Klub rəhbərliyi də demək olar ki, yenidir. Onlar öz vədlərinə əməl edirlər, biz də buna qarşılıq verməyə çalışırıq. Təəssüf ki, buna hər oyunda nail ola bilmirik.
- Belə davam etsə, "Neftçi"ni tərk etməyi düşünmürsünüz?
- Qışda toplanış olacaq. Hər şey yoluna düşəcək. İnanıram ki, qışdan sonra tam fərqli "Neftçi" görəcəksiniz.
