Dino Ndlovu: Kəpəzlə matçda gücümüzə qənaət etdiyimizi deməzdim
"Qarabağ"ın hücumçusu Dino Ndlovu Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının əməkdaşının da suallarını cavablandırıb:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Ən çətin ev oyunlarımızdan biri idi. Lakin əsas odur ki, qalib gəldik. Artıq Avropa Liqasına köklənə bilərik.
- Hiss olunurdu ki, Avroliqa çərçivəsində qarşılaşacağınız Çexiya "Slovan"ı ilə oyun öncəsi itki ilə üzləşməmək üçün özünüzü qoruyursunuz...
- Zədə futbolun bir hissəsidir. Özümüzü qoruduğumuzu, gücümüzə qənaət etdiyimizi deməzdim. Amma bütövlükdə, bu, normal haldır. Avroliqa ilə Premyer Liqa arasında səviyyə fərqi olsa da, hər ikisi mənim üçün eynidir. "Kəpəz"lə oyunda daha bir neçə qol vura bilərdik. Bunu çox istəsək də, alınmadı.
- Yeganə qolu siz vurdunuz. Bu qolun "Slovan"la oyun öncəsi sizə əlavə güc qazandıracağını demək olar?
- Bunsuz da hər birimizi yaxşı motivasiyalıyıq. Amma təbii ki, mənim üçün ikiqat motivasiya olacaq.
- Yığma komandada oynamaqdan imtina etməyinizin səbəbi nədir?
- Bu, ölkəmizlə bağlı olan məsələdir. Qoy bu problem elə vətənimdə qalsın. Burada ancaq "Qarabağ" barədə danışmaq istəyirəm.
- Liderlik uğrunda əsas rəqibiniz "Qəbələ" də 12-ci turu qələbə ilə başa vurdu...
- Bunun heç bir önəmi yoxdur. Heç onların bu gün oynadığını da bilmirdim. Əsas odur ki, bu gün biz qalib gəldik.
