Qurban Qurbanov: Bu oyunda çoxlu sarı vərəqə almağımız normaldır
Topaz Premyer Liqasının 12-ci turunda “Kəpəz”i 1:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Çətin oyun oldu. Amma vacib 3 xal qazandıq. “Slovan”la oyunöncəsi bu qələbə yaxşı oldu.
- “Qarabağ”ı intizamlı komanda kimi tanıyırıq. Bu gün isə komandanız çoxlu sarı vərəqə aldı...
- Hər oyundan öncə oyunçulara bildirirəm ki, ehtiyatlı olsunlar. Ancaq bəzən oyun əsəbi alınır. Bizə qarşı da kobudluq olurdu. Bu da oyunçulara təsir edir. Düzdü, sarı vərəqələr az olmalıdı. Ancaq məncə, normaldı. İntizamı qoruyub saxlamağa çalışırıq.
- Bədavi Hüseynovun vəziyyəti necədi?
- Bədavinin zədəsi var. Dünəndən fərdi məşqlərə başlayıb. Çalışacağıq ki, "Slovan"la oyunda çıxış etsin. Ancaq bizim üçün oyunçumuzun sağlamlığı daha vacibdi. Buna görə, həkimlərlə məsləhətləşib, sonra qərar verəcəyik.
- Namiq Ələsgərovun adının bu gün iştirak ərizəsinə salınmamasının səbəbi nə idi?
- Namiqi formasını bərpa etmək üçün dünən əvəzedicilərin çempionatında meydana buraxmışdıq. Həmin oyunda 2 qol vurdu. Yorğun olduğundan bu oyunda şans vermədim.
- Bir neçə gün öncə fiziki qüsurlu gənclərlə görüşdüz. Nə hiss etdiz?
- Çətindi. Bəzi məqsədləri var, onu həyata keçirmək istəyirlər. Ancaq orada özümü onlardan üstün hiss etmədim.
