Asif Məmmədov: Qarabağın xal itirməsini arzulamaqla çempion ola bilmərik
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Güclü komandaya qarşı oynayacağıq. Çətin olacağını bilirik. Amma biz evdə oynayırıq, buna görə də ancaq qələbə barədə düşünürük. Birinci dövrədə "Zirə"yə qalib gəlmişdik. Amma həmin qələbə artıq geridə qalıb. Rəqib o dövrlə müqayisədə öz oyununu yaxşılaşdırıb. Buna baxmayaraq, yenə qələbəyə oynayacağıq.
- "Qəbələ" "Qarabağ"la zirvəni bölüşür. Mümkün xal itkisi sizi zirvədən edə bilər...
- Çempion olmaq istəyiriksə, qələbə qazanmaq lazımdır. Xal itirmək olmaz. Əlbəttə, futbolda hər şey olur. Amma mümkün qədər az xal itkisinə yol verməliyik.
- Amma "Sumqayıt" və AZAL-la oyunlarda xal itkisi ilə üzləşməyiniz gözlənilməz oldu. Komandanız arxayınlaşıb?
- Arxayınlaşmamışıq. Sadəcə, bəxtimiz gətirmir. Qol vəziyyətlərindən yararlana bilmirik.
- "Qəbələ" qarşıdakı turlarda yenə "Qarabağ"dan aralana biləcək?
- Bu barədə düşünmürük. Qarşıda "Zirə" ilə oyun var. Qələbə qazanmaq istəyiriksə, ancaq öz oyunumuz haqda düşünməliyik. "Qarabağ"ın xal itkisi barədə düşünməyə dəyməz. Biz ancaq bu haqda düşünməli olsaq, çətin ki, çempion olaq.
- "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq çoxmu çətindir?
- Əlbəttə. "Qarabağ" güclü rəqibdir. Amma buna baxmayaraq, biz də öz istəyimizə çatmaq üçün çalışırıq.
- Avropa Liqasında Premyer Liqadakı qədər uğurlu çıxış etmirsiniz. Dörd oyundan sonra xal qazana bilməyəcəyinizi gözləyirdiniz?
- Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla əsas vəzifənin öhdəsindən gəldik. Amma qrup mərhələsindəki rəqiblərimiz çox güclüdür. Bu komandalardan xal almaq çox çətindir. Əslində, çox adam bizim heç "Lill" və "Maribor" səddini keçəcəyimizə inanmırdı. Biz onları mübarizədən kənarlaşdıra bilsək də, indi bu barədə düşünən yoxdur. Hamı dörd oyuna xal qazana bilməməyimizdən danışır. Bir qədər obyektiv olmaq lazımdır. Əsas odur ki, qrup mərhələsində çıxış edirik, ölkəmizi təmsil edirik. Qarşıdakı oyunlarda xal qazanmağa çalışacağıq.
- Bəs "Qarabağ"ın pley-offa yüksəlmək şansları barədə nə düşünürsünüz?
- Onların çox yaxşı şansı var. Rəqibimiz olsa da, hamımız ürəyimizdə onları dəstəkləyirik. Onlara uğurlar arzulayıram. "Qarabağ"ın pley-offa çıxması həm də Azərbaycan futbolunun inkişafı deməkdir.
