“Qarabağın PAOK üzərində qələbələri sürpriz olmadı”
Makedoniya yığmasının və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Zəkəriyyə Ramadani Ağdam klubunun cari mövsümdəki çıxışından danışıb, eləcə də həmyerlisi Muarem Muarem ölkəsinin əsas millisinə dəvət olunmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın hər oyununu izləyirəm. Komandanın Avropa Liqasındakı çıxışından razıyam. Ağdam klubu artıq böyük komanda olmağı bacarıb. Artıq bütün oyunlara qələbə üçün çıxır. PAOK-la hər iki oyunda bərabər səviyyədə mübarizə apardı və qələbə qazanması sürpriz olmadı. Çünki Yunanıstan futbolu əvvəlki qədər güclü deyil. İndi orada ciddi böhran var".
Ramadani "Qarabağ"ın qarşıdakı Çexiya "Slovan"ı və İtaliya "Fiorentina"sı ilə oyunlarıb barədə də söz açıb: "Slovan" yaxşı komandadır. Amma mənə elə gəlir ki, ağdamlılar bu rəqiblə səfər oyununda uğur qazanacaq gücdədirlər. "Qarabağ" meydanda yaxşı çalışır, ötürmələrlə oynayır. Odur ki, qələbəyə ümid etmək olar. "Fiorentina" isə tam başqa səviyyədir. İtaliya klubuna son turda xal lazım olsa, ağdamlılar onlara qarşı heç nə edə bilməyəcək. Amma rəqib Bakıya arxayın gəlsə, onlardan ən azı bir xal almaq olar. Ümid edirəm ki, "Qarabağ" qrupdan çıxacaq və uğurlu çıxışını davam etdirib, ən azı bir mərhələ keçə biləcəklər. Lakin nəzərə almaq lazımdır ki, Avropada zəif komanda yoxdur".
Makedoniyalı futbolçu keçmiş komandasının Azərbaycan çempionatındakı çıxışından da söz açıb: "Fikrimcə, "Qarabağ" tezliklə vahid liderliyi ələ alacaq. Komandanın geniş heyətə malik olduğunu nəzərə alsaq, həm Avropada, həm də daxili çempionatda uğurlu çıxış etmək onlar üçün problem deyil".
Ramadani həmyerlisi Vançe Şikovun "Neftçi"də uğursuz çıxış etdiyi halda Makedoniya yığmasına çağırılmasına, "Qarabağ"lı Muarem Muaremin isə dəvət almamasına da münasibət bildirib: "Muarem niyə yığmaya dəvət almır? Elə buna görə Makedoniya yığması hazırda FİFA reytinqində 160-cı yerdə gedir də. Yığmaya klubunda oynamayan futbolçular cəlb olunur. Bu, sadəcə, təəccüblüdür. Muarem "Qarabağ"da uğurlu çıxış edir. Amma inanın ki, onun kimi öz klubunda yaxşı çıxış edən daha 10 futbolçumuz var ki, millimizə dəvət olunmur. Bu, çox ciddi məsələdir. Ümid edirəm ki, tezliklə bütün bunlara aydınlıq gələcək və hər kəs Makedoniya Futbol Federasiyasının necə çalışdığını biləcək".
