Mehmet Ak: Ramil Şeydayev elə bir kluba keçməlidir ki, daimi oyun təcrübəsi qazansın
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak azerisport.az saytının bəzi suallarını cavablandırıb:
- Yəqin ki, Ramil Şeydayev barədə eşitmisiniz...
- Bəli, barəsində eşitmişəm. Gənc futbolçu olduğunu bilirəm.
- Onun haqqında nə bilirsiniz?
- Azərbaycanlı olduğunu, futbol oynamağa Rusiayda başladığını bilirəm. "Zenit"də, "Rubin"də çıxış edib. Amma bu klubların ikinci komandasında oynadığından yüksək liqa təcrübəsi yoxdur.
- O, "Trabzonspor"a böyük ümidlərlə keçsə də, baş məşqçi Super Liqa matçlarında ona şans vermir. Sizcə, bunun səbəbi nədir?
- Rusiya Premyer Liqası Türkiyə Super Liqasından fərqlənir. Bizdə futbolçular böyük təzyiq altında olurlar. Ramilə daha çox oynamaq lazımdır. Amma bu, bir qədər problemli görünür. Məsələ burasındadır ki, "Trabzonspor"un işləri o qədər də yaxşı getmir. Şeydayev gənc futbolçudur. Fikrimcə, ona da şans verməlidirlər.
- Onu başqa kluba icarəyə göndərmək barədə düşünmək olar?
- "Trabzonspor" bu mövsüm yaxşı transferlər edə bilmədi. Ramil üçün ən yaxşı variant daim oynaya biləcəyi bir komandaya keçməkdir. Cəmi 20 yaşı var. Belə bir yaşda hansısa komandada icarədə oynaması pis olmazdı.
- Amma klubunda oynamasa da, millimizin baş məşqçisi Robert Prosineçki onu hər oyunda start heyətdə meydana buraxır. Oyun təcrübəsi olmayan futbolçunun millidə start heyətdə meydana çıxmasına necə baxırsınız?
- Oyun təcrübəsi olmayan futbolçu millidə də problem yaşayacaq. Şeydayevin "Trabzonspor"da daha çox oynaması daha yaxşı olardı. Bu, onun milli karyerasına da müsbət təsir edərdi.
- Belə davam etsə, Ramilin millidəki yerini Dəniz Yılmaza verəcəyini gözləmək olar?
- Əlbəttə, yığmada keyfiyyətli oyun lazımdır. Oyun təcrübəsi az olacaqsa, heyətə düşməsi də çətinləşəcək.
- Şeydayevi "Trabzonspor" üçün uğursuz transfer saymaq olar?
- Pis transfer olduğunu demək olmaz. Bu, gələcəyə hesablanmış bir transferdir. Zamanla onun potensialından daha çox istifadə edəcəklərini düşünürəm.
- Ramilin Super Liqada oynaya biləcəyi klublar var?
- O, elə bir kluba getməlidir ki, daim start heyətdə oynasın. Super Liqa və ya 1-ci liqa olmasının fərqi yoxdur. Əsas odur ki, daimi oyun təcrübəsi olsun. Vaxtilə Arda Turan da belə addım atıb. O, təcrübə toplamaq üçün "Manisaspor"a yollandı. Oradan qayıdandan sonra "Qalatasaray"da daha çox oynamağa başladı.
