Oruc Balaşlı: Premyer Liqada oynamaq və yığmaya dəvət almaq istəyirəm
Birinci Divizionun bombardiri olan "Zaqatala"nın hücumçusu Oruc Balaşlı bəyan edib ki, Azərbaycan yığmasında oynamaq istəyir. Geridə qalan 11 turda 15 qol vuran futbolçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"15 qol vurmaq üçün çox əziyyət çəkmişəm. Yayda hamı istirahət edəndə mən məşq edirdim. Ən yaxşı hücumçuların oyunlarına baxıram, onlardan nələrisə öyrənməyə çalışıram. Klubumuz mövsümə yaxşı başlamasa da, sonradan yeddi ardıcıl qələbə qazandı və ikinci pilləyə yüksəldik. Ümid edirəm ki, bundan sonra da çox qol vuracağam. Əlbəttə, Premyer Liqada oynamaq Birinci Divizionla müqayisədə daha çətindir. Orada daha güclü futbolçular çıxış edirlər. Amma bu mövsüm Birinci Divizionda da səviyyə yüksəkdir. Ümid edirəm ki, Premyer Liqada oynamaq şansı qazanacağıq. Etiraf edim ki, indi Robert Prosineçkinin məni yığmaya dəvət edəcəyinə ümidim yoxdur. Çünki Azərbaycanda Birinci Divizionu izləmirlər. Amma gələcəkdə Premyer Liqada oynamaq və yığmamıza düşmək istəyirəm. Bu, mənim arzumdur".
