Rahid Əmirquliyev: Bu şansı əldən verməməyə çalışacağıq
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi
- Millimizin Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətindən sonra özünüzə gələ bilmisiniz?
- Belə məğlubiyyətdən sonra özünə gəlmək asan deyil. Amma bu, futboldur. İrəliyə baxmaq, növbəti oyunlara hazırlaşmaq lazımdır.
- Sizcə, belə zəif oyunun səbəbi nədə idi?
- Sadəcə, bizim günümüz deyildi. Bu oyunda bizdə heç nə alınmadı. Rəqib isə demək olar ki, yaratdığı hər qol epizodunu dəyərləndirdi.
- İlk üç turda 7 xal toplayan millimiz üçün Belfastdakı məğlubiyyət nəyi dəyişdi?
- 0:4 şanslarımızı bir qədər azaltdı. Yaxşı nəticə ilə qayıtsaydıq, hər şey fərqli ola bilərdi. Amma əsas odur ki, hələ heç nə itirilməyib. Hər şey qarşıdadır. 7 xal yaxşı göstəricidir. Amma biz bununla kifayətlənməməliyik.
- Bəs öz çıxışınızı necə dəyərləndirə bilərsiniz?
- Özümü yaxşı hiss edirəm. Demək olar ki, əvvəlki formamı bərpa etmişəm. Sadəcə, dediyim kimi, həmin gün bizdə heç nə alınmadı. Eləcə də məndə.
- Oyundan dərhal sonra "İnter"li futbolçuların "Neftçi"yə dəvət olunması və Belfastdan 8 televizor alınması barədə xəbərlər yayıldı ki, bu da böyük müzakirələrə səbəb oldu. Bunu necə qarşıladınız?
- "Neftçi" və "İnter" arasındakı söhbətləri mən də mətbuatdan oxudum. Amma bu barədə nəsə deyə bilmərəm. Çünki bu barədə heç komanda yoldaşlarımızdan da heç nə eşitməmişəm. Digər məsələyə gəlincə, sizi əmin edirəm ki, futbolçulardan heç kim Şimali İrlandiyada özünə televizor alıb gətirməyib.
- Qarşıda Premyer Liqa və Avropa Liqasının oyunları var. Azərbaycan yığması üçün mövsümün geridə qalan hissəsini uğurlu saymaq olar. Bəs "Qarabağ" üçün necə olacaq?
- TPL-də üç vacib matçımız qalır. Demək olar ki, əsas rəqiblərimizlə oynayacağıq. Bundan yararlanıb, maksimum xal toplamalıyıq ki, ili yaxşı xal ehtiyatı ilə başa vuraq. Avroliqada da qrupdan çıxmaq üçün çox yaxşı şansımız var. Buna nail olsaq, Azərbaycan futbolunda yeni tarix yazmış olacağıq. Amma bu, heç də asan başa gəlməyəcək. Şansı əldən verməməyə çalışacağıq.
- Qarşıda bu mövsüm qalib gələ bilmədiyiniz "Kəpəz"lə oyun var...
- "Kəpəz" möhkəm komandadır. Gəncədə onlara qalib gələ bilməmişdik (1:1). Amma yenə xal itirmək istəmirik.
- İli Rəşad Sadıqovsu başa vurmalı olacaqsınız...
- Onun yoxluğu bizim üçün böyük itkidir. O, əsl liderdir, komandanı arxasınca apara bilir. Onsuz ağır olacaq. Hədəflərimizə kapitansız çatmağa çalışacağıq.
