Nazim Süleymanov: Bunu faciəyə çevirmək lazım deyil
Azərbaycan yığmasının sabiq hücumçusu və məşqçisi Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- Sizə elə gəlmir ki, Emin Mahmudovla Ramil Şeydayevin daha yaxşı oyun təcrübəsi olsaydı, millimizin qrup ikinciliyi uğrunda mübarizədə də şansı artıq olardı?
- Mənə elə gəlir ki, onlar bu qış fasiləsi zamanı daha çox oynaya biləcəkləri kluba keçmək barədə düşünməlidirlər. Onlar yığmaya dəvət olunursa, oyun təcrübələrinin olması vacibdir. Əminəm ki, elə olan halda yığmamıza da daha faydalı olacaqlar. Klublarını dəyişmələri lazımdır.
- Bəs haraya getmələrini məsləhət görürsünüz?
- Heç olmasa bizim Premyer Liqaya gəlsinlər. Əsas odur ki, oynasınlar. Onların böyük potensialı var. Bundan yararlanmaq lazımdır.
- Axı bizim çempionatən səviyyəsi heç öz oyunçularımızın ürəyincə deyil...
- Portuqaliya və Türkiyə klublarında ehtiyatda qalmaqdansa Azərbaycan çempionatında oynamaq daha yaxşıdır. Bizim çempionatı zəif hesab etmirlərsə, qoy öncə özlərini burada göstərsinlər, sonra daha güclü liqalara gedə bilərlər.
- Millimizin Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyəti sizin üçün nə dərəcədə gözlənilən oldu?
- Heç kim belə nəticə gözləmirdi. Amma yenə də dörd turdan sonra 7 xalımızın olması yaxşı nəticədir. Bu məğlubiyyəti faciəyə çevirmək lazım deyil.
- Bəlkə faciə ondadır ki, Robert Prosineçki oyun təcrübəsi olmayan futbolçuları start heyətdə meydana buraxır?
- Gəlin hər şeyi bununla əlaqələndirməyək O, hər şeyi bizdən daha yaxşı görür. Kənardan müzakirə aparmaq asandır. Məsələn, xorvatiyalı mütəxəssis məşqlərdə Şeydayevin oyun təcrübəsi olan futbolçudan daha yaxşı təsir bağışladığını görürsə, necə fərqli qərar verə bilər? Ona görə də Ramili buraxır.
- Belfastdan televizor gətirilməsi barədə yayılan xəbərləri necə şərh edərdiniz?
- Niyə hər şeydə neqativ məqamlar axtarırıq? Mən bunu başa düşə bilmirəm. Yığma 0:6, 0:8 hesabıyla da uduza bilər. Axı bunun, futbolçunun boş vaxtında harasa çıxmasına, nəsə almasına, nəsə yeməsinə nə aidiyyatı var?
- Siz nə vaxtsa belə alış-veriş etmisiniz?
- Vladiqafqaz "Spartak"ında oynayanda Dubaya təlim-məşq toplanışına yollanmışdıq. Fürsətdən istifadə edib mən də televizor almışdım. Bunlar məişət məsələləridir və futbola heç bir aidiyyatı yoxdur. Futbolçunun güclü və ya zəif oynaması onun səfərə yollandığı şəhərdə özünə televizor almasından asılı deyil.
