Fariz Nəcəfov: Qəbələ infrastrukturla bağlı tələblərin sərtləşdirilməsini istəyir
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov bu gün baş tutan AFFA Klublar Komitəsinin növbəti iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə öz təklifləri barədə danışıb:
- Premyer Liqa ilə bağlı lisenziyalaşdırma standartlarında yeniliklərin olmasını istəyirik. Meydançalar pis vəziyyətdədir. İnfrastrukturla bağlı tələblərin daha da sərtləşdirilməsini istəyirik. AZAL, "İnter", "Sumqayıt", "Zirə" və "Kəpəz"in ev oyunlarında normal oyun göstərmək mümkünsüzdür. Avropa Liqasında bu qədər oyun keçirdiyimiz halda heç bir futbolçumuz zədə almayıb. Amma Premyer Liqa oyunlarında bir matçda iki futbolçumuz sıradan çıxır. Bununla bağlı AFFA-ya öz təkliflərimizi bilirdik.
- "Qəbələ"nin son dövrlərdəki nəticələri pisləşib...
- Avroliqada iştirakımız bizim üçün böyük təcrübə oldu. Bu mövsüm daha yaxşı oynayırıq. Əlbəttə, Avroliqanın qrup mərhələsində belə nəticələr gözləmirdik. Amma hətta uduzduğumuz matçlarda da yaxşı oyun göstərmişik. Məğlubiyyətlərdə də fərdi səhvlərin rolu olub. Heyətlə bağlı itkilər də öz sözünü deyir. Artıq qrupdan çıxmaq şansımızı itirmişik. Amma qalan iki oyunda da maksimum güc sərf edəcəyik. Çünki ölkəmizin reytinq cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq lazımdır.
- Komandanız son turlara qədər Premyer Liqanın vahid lideri idi, amma indi həmin üstünlüyü də əldən vermisiniz. Bu, sizi narahat etmir?
- Liderliyimizi davam etdirmək istəyirdik. Amma son nəticələrimizin ürəkaçan olmamasının obyektiv və subyektiv səbəbləri var.
- Qışda heyəti gücləndirəcəksiniz?
- Bəzi mövqeləri gücləndirməyi planlaşdırırıq. Avroliqada qazandığımız pulun bir hissəsini buna xərcləyəcəyik.
- Hansı mövqelərdə güclənməyə ehtiyac var?
- Baş məşqçimiz universal futbolçuları xoşlayır. Belə oyunçular almağa çalışacağıq.
- "Qəbələ" yenə ötən ilki aqibəti yaşamağa başlayıb...
- Eniş və yüksəliş idmanda qaçılmazdır. Səbəblər həmişə var. Müəyyən qədər bəxt amili də öz sözünü deyir. Amma itirilən xalları sığortalayacağımıza ümidimizi itirmirik.
- Keçmiş futbolçunuz Ruslan Əmircanov klubunuzdan 120 000 dollar tələb etsə də, AFFA sonda 40 000 dollar məbləğ müəyyənləşdirdi...
- Oyunçu ilə razılığa gəlmişik. 40 min də olmasa, müəyyən məbləğ ödəniləcək.
