“İkinci hissədə Azərbaycan millisi yaxşı top saxlasa da, üçüncü qol onların oyununu öldürdü”
Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:0 hesablı qələbə qazandıqları oyunla bağlı öncə bunları söyləyib:
"Azərbaycanın bizə qarşı necə oynayacağını bilirdik. Buna görə də sağda Coş Macennisi qoyduq ki, onun sayəsində rəqibin cərimə meydançasına ötürmələr edə, üstünlük qazana bilək. Coş meydanda olanda hətta aut atışından da əlavə üstünlük kimi yararlanmaq olur. Onun çox güclü atışları var. Fikrimcə, o, bu bacarığı sayəsində hər birimizi təəccübləndirə bilir".
"Fikrimcə, biz rəqibi çox tez yorulmağa məcbur etdik. Onların cərimə meydançasına yaxşı ötürmələr etməyi də bacardıq. Məhz bunun nəticəsində rəqibin müdafiə xəttini yarmağı bacardıq. Azərbaycanla qarşılaşma həm də yaxşı məhsuldarlıq nümayiş etdirdiyimiz ardıcıl ikinci oyun oldu. Bu, çox möhtəşəmdir".
Evans qonaqların fasilədən sonra oyunda dönüş yaratmaq şansının olduğunu da etiraf edib: "İkinci hissədə Azərbaycan yığması müəyyən anlarda topu özündə çox yaxşı saxlamağı bacarırdı. Həmin anda bir müdafiəçi kimi ancaq onu düşünürdüm ki, rəqibə oyuna qayıtmağa imkan verməyim, qol buraxmayaq. Vurduğumuz üçüncü qol rəqibin oyununu tam "öldürdü".
Conni onu da əlavə edib ki, oyundan sonra paltardəyişmə otağında qol vuran komanda yoldaşlarını onun fərqlənməsi üçün şərait yaratmadıqlarına görə zarafatyana məzəmmət də edib: "Oyundan sonra uşaqlarla zarafatımız oldu. Soruşdum ki, mənim də belə bir məhsuldar ötürməni qola çevirmək şansım olacaqmı? İstənilən halda Qaret Makauli ciddi rekorda imza atdı".
(Belfast Telegraph).
