Maykl Makqovern: Azərbaycan yığmasına hörmətlə yanaşırdıq
Futbol üzrə Şimali İrlandiya yığmasının qapıçısı Maykl Makqovern DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 4:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Adətən biz qrupumuzdakı "kiçik" komandalarla oyunlarda çətinliklə üzləşərdik. Amma tədricən bunun öhdəsindən gəlirik".
Rəqib qapıçı komandamız barədə danışıb: "Azərbaycan yığmasının bir neçə il öncə qarşılaşdığımız komandadan daha yaxşı vəziyyətdə olduğunu bilirdik. Bunu onların qrupumuzdakı digər oyunlarının nəticələrindən də görmək mümkündür. Ona görə də rəqibə hörmətlə yanaşırdıq".
Makqovern böyük hesablı qələbəyə nəyin sayəsində nail olduqlarını da söyləyib: "Biz əsl peşəkarlarıq və öz işimizi yüksək səviyyədə görməyə çalışdıq. Qələbəni də məhz bunun məntiqi nəticəsi saymaq olar. Bu uğurumuza görə çox şadıq".
Qolkiper komandasının bu seçmə mərhələdə uğurlu çıxış edəcəyinə inanır: "Tsiklə çox yaxşı başlamışıq. Bu uğurun davamını gətirmək istəyirik. Bütün futbolçularımız özünə güvənir və bu, bizə kömək edir. Bir-iki oyunçumuz meydanda olmayanda da buna görə üzülmürük. Çünki onların əvəzində digər oyunçularımız şans əldə edirlər".
(Belfast Telegraph)
