Tərlan Quliyev: Belə bir şey ola bilməz
Futbol üzrə Azərbaycan yığmasının və "İnter"in müdafiəçisi Tərlan Quliyevin azerisport.az saytına müsahibəsi
- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətdən sonra siz də Belfastdan 72 düymlük televizor almısınız?
- (gülür) Gülməli təsadüf alındı. Biz futbolçular bu barədə yalnız Bakıda mətbuatdan xəbər tutduq. Oyunçulardan heç birinin bu məsələ ilə əlaqəsi yoxdur.
- Bəs niyə bu məsələ belə gündəm oldu?
- Bu xəbəri yayan Britaniya mətbuatından soruşun. Ola bilsin ki, kiməsə belə bir vəziyyət lazım imiş. Guya ki, futbolçular belə məğlubiyyətdən sonra özlərinə televizor alırlar. Amma bizdən fərqli, azarkeşlərin orada gəzməyə də, alış-veriş etməyə də tam haqqı var idi.
- Bəs siz televizorunuzu haradan almısız və neçə düymlükdür?
- (gülür) Bakıdan almışam. Amma ölçüləri barədə dəqiq məlumatım yoxdur. Bircə onu bilirəm ki, balaca deyil (gülür).
- Televizor almamısınızsa, bəlkə başqa məsələni etiraf edəsiniz...
- Nəyi?
- Robert Prosineçki sizə "Neftçi"yə keçməyi təklif edib?
- (gülür) Sizdə də maraqlı xəbərlər var. Belə bir şey ola bilməz. Siz təsəvvür edirsiniz ki, millinin baş məşqçisi futbolçulara bir klubdan başqasına keçməyi təklif etsin? Bu, jurnalistlərin uydurmasıdır.
- Bəs siz növbəti mövsümdə "Neftçi"də peyda olsanız, onda necə?
- Bu, heç nədən xəbər verməyəcək. Klubla müqaviləmin müddəti bitəndən sonra istənilən komandaya keçə bilərəm. "Neftçi"də oynamışam. Oradan "Qarabağ"a ekmişəm, "Kəpəz"də çıxış etmişəm. Bir sözlə, bundan sonra da hansısa kluba keçməyim tamamilə mümkün olan bir şeydir.
- Sizə elə gəlmir ki, televizor söhbəti, "İnter" futbolçuları ilə bağlı son məlumatlar yığamızın lehinə işlədi? Çünki Şimali İrlandiyaya böyük hesablı məğlubiyyət arxa plana keçdi...
- Mən ümumiyyətlə tənqidlərə fikir verməməyə çalışıram. Çünki hərdən öz ünvanıma da obyektiv olmayan tənqidlərlə rastlaşıram. Bu məğlubiyyətdən sonra da özüm üçün nəticə çıxardım və irəli baxıram.
- Nə nəticə çıxardınız ki?
- Ola bilsin ki, komanda ilk üç turda topladığı 7 xaldan sonra özünə həddən çox arxayın idi. Müəyyən qədər arxayınlıq ola bilərdi. Şimali İrlandiyanın Çexiyadan güclü komanda hesab etmirəm. Maksimum eyni səviyyədədirlər. Onlar bizə oynamaq imkanı da verdilər. Belə hesabla uduzmamalı idik.
- 0:4-dən sonra futbolçularımızın özlərinə gəldiyini demək olar?
- Ən azından onu demək olar ki, bundan sonra eyforiya olmayacaq. 0:4 komandamız üçün böyük zərbədir. Ayılmaq və irəli getmək haqda düşünməliyik.
