Maykl O’Nil: Robert Prosineçki əla komanda qurub
Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyundan (4:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu cür qələbədən razıyam. İdeal oyun nümayiş etdirdik. Futbolçular ilk dəqiqələrdən rəqibi təzyiqdə saxladılar və istəyimizə çatdıq. Kayl Laffertiyə görə sevinirəm. İlk hissədə vurduğu qolla qələbəmizin təməlini qoydu. Qələbəyə baxmayaraq, daha çox işləməliyik. 4 turdan sonra 7 xalımız var. Pis başlanğıc deyil. Qarşıda çox oyun var, vəziyyət dəyişə bilər. Biz Almaniya yığması ilə qarşılaşmışıq. Azərbaycanın isə onlarla oyunu qalır. Əsas ev oyunlarında maksimum xal qazanmaqdır.
Azərbaycan millisi yaxşı komandadır. Robert Prosineçki əla kollektiv qurub. Buna baxmayaraq, topa daha çox nəzarət etdik və qalib gəldik. Bu qələbə bizi arxayın salmamalıdır. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq".
