Bədavi Hüseynov: Bu dəfə xal qazanmağımız daha çətin olacaq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Belfasta oyundan bir neçə gün öncə getmək millimizin işinə çoxmu yarayacaq?
- Bəli. Burada Bakı vaxtı ilə dörd saatlıq fərq var. Buna görə də oyundan bir neçə gün öncə gəlib yerli saata, mühitə uyğunlaşmaq vacib idi. Çünki oyunumuz da gecəyarısı start götürəcək.
- Komandamız özünü bu oyun öncəsi necə hiss edir?
- Uşaqlarda əhval-ruhiyyə yaxşıdır. Ümid edirəm ki, oyundan sonra da belə olaraq qalacaq.
- Klubda birgə oynadığınız kapitan Rəşad Sadıqov bu dəfə milliyə kömək edə bilməyəcək? Onun yoxluğunda millimizə nə dərəcədə çətin ola bilər?
- Rəşad böyük kapitandır. Onun yoxluğu həmişə hiss olunur. Hər bir futbolçunu necə ruhlandırmaq lazım olduğunu bilir. Maksim Medvedevlə müdafiənin mərkəzində oynamışıq və yaxşı anlaşa bilmişik. Çexiya ilə oyunda olduğu kimi, yenə diqqətli oynamağa çalışacağıq ki, Rəşadın yoxluğu ciddi təsir göstərməsin.
- Əminliklə demək olar ki, bu oyunda əsas yük müdafiə xəttimizin üzərinə düşəcək?
- Belə oyunlarda yalnız dörd müdafiəçi ilə müdafiə olunmursan. Uğura o halda nail olmaq mümkündür ki, hücumdan müdafiəyə qayıtmağa hər bir futbolçu kömək etsin.
- Belfastdan 3 xalla qayıtmaq üçün nə etmək lazımdır?
- Fikrimcə, ilk növbədə standart vəziyyətlərdə ehtiyatlı olmalıyıq. Rəqib bu baxımdan güclüdür.
- DÇ-2014-ün seçmə mərhələsində millimiz bu rəqibindən 4 xal almışdı...
- Şimali İrlandiya yığması indi daha da güclü olub. Onlar AÇ-2016-da çıxış etməklə böyük təcrübə qazandılar. Artıq öz güclərinə daha çox inanırlar. Buna görə də bizim üçün arzuladığımız nəticəyə nail olmaq çətin olacaq. Amma biz yalnız nəticəmizi yaxşılaşdırmaq haqda düşünürük və bu seçmə mərhələdə mümkün qədər çox xal toplamaq istəyirik.
