11 noyabr 2016 13:30
Vüqar Nadirov: Hamımız millidən qələbə gözləyirik
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Nadirov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə səfər oyunundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız hazırda yaxşı vəziyyətdədir. Futbolçularımızın öz güclərinə inanması da çox önəmlidir. Hamımız bu görüşdə yığmamızdan qələbə gözləyirik. Seçmə mərhələyə uğurlu başlamışıq. Bu tempdə də davam etməliyik. Hər şey yaxşı gedir. Bunun davamının gələcəyinə inanıram. Yığmada oynamasam da, bütün fikrim hazırda qarşıdakı oyundadır".
