Conni Evans: İndi bizdən də, Azərbaycan yığmasından da gözləntilər daha çoxdur
Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Azərbaycana qarşı keçirdiyimiz son oyundan bəri çox vaxt keçib. Biz bu müddətdə böyük yol qət etmişik. Baş məşqçimiz də bizə bu barədə danışıb, çox şeyin dəyişdiyini diqqətə çatdırıb. O, eyni zamanda belə rəqiblərə qarşı necə oynamaq lazım olduğunu da söyləyib".
"O vaxt Azərbaycan yığması bizi təəccübləndirməyi bacarmışdı. İndi hər iki komanda dəyişib. Həm bizdən, həm də Azərbaycan yığmasından gözləntilər daha çoxdur. Rəqib bu seçmə mərhələyə yaxşı başlayıb. Əminəm ki, onlar bu cür başlanğıcdan razıdırlar".
Evans vaxtilə 1:1 hesabıyla başa çatmış Belfastdakı qarşılaşmanı da xatırlayıb: "Həmin oyuna nəzarət əvvəldən axıradək bizim əlimizdə olsa da, bərabərlik qolunu son saniyələrdə vura bildik. Həmin oyunun nəticəsindən hamımız çox məyus idik".
Təcrübəli futbolçu bildirib ki, həmin nəticəni təkrarlamaq onların planında yoxdur: "Fikrimcə, indi də elə bir nəticə təkrarlansa, bu, bütün kollektivimiz üçün böyük bir uğursuzluq olar. Həmin seçmə mərhələdəki kimi çıxış etməyimiz böyük məyusluğa səbəb olacaq".
Amma Evans azarkeşlərə söz verib ki, hər şey fərqli olacaq: "İndi bizim daha dəqiq planımız var, nəyi istədiyimizi, ona necə nail olacağımızı daha yaxşı bilirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
(Sky Sports)
