Ruslan Qurbanov: Hər kəsi uğurlu nəticə ilə sevindirmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi
- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə vacib oyuna hazırlaşırsınız. Belfasta yolçuluq necə keçdi?
- Yaxşı gəldik. Çox yaxşı, böyük və rahat təyyarə ilə səfərə yollandıq. Düzdür, hava bir az yağıntılıdır. Oteldəki şərait də əladır. Bizim üçün hər cür yüksək səviyyəli rahatlıq yaradılıb.
- Komandada atmosfer necədir?
- Atmosfer çox yaxşıdır. Hər birimiz başa düşürük ki, əldə etdiyimiz uğurlu nəticələrlə kifayətlənmək olmaz. Hamımız qarşıdakı məsuliyyətli oyuna hazırıq.
- Yeddi xalla ikinci pillədə olmaq komandada təzyiq yaratmır?
- Əksinə, bu, bizi sevindirir. Təzyiq də bizim üçün bir növ üstünlükdür. Buraya Azərbaycan bayrağı üçün oynamağa gəlmişik. Sonadək mübarizə aparmağa çalışacağıq.
- Milliyə daha bir hücumçu gəlib - Dəniz Yılmaz. Onun barəsində nə bilirsiniz?
- O, Türkiyə Super Liqasında çıxış edir. Deməli, yaxşı futbolçudur. Ümid edirəm ki, Yılmazın bizə faydası olacaq.
- Yəqin ki, bundan sonra hücum xəttində heyətə düşmək daha da çətin olacaq...
- Rəqabət olmasaydı, biz yerimizdə sayardıq, artıra bilməzdik. Hər kəs baş məşqçiyə sübut etməyə çalışır ki, əsas heyətdə oynamağa layiqdir. Bu, həm biz futbolçuların, həm də millinin xeyrinədir.
- Şimali İrlandiya ilə oyunda şanslarımız barədə nə düşünürsünüz?
- Uğurlu nəticə qazanmaq üçün hər birimiz əlimizdən gələni edəcəyik. Xalq bizdən yaxşı nəticə gözləyir. Biz də öz növbəmizdə hər kəsi sevindirmək istəyirik.
- Rəqib barədə nə bilirsiniz?
- Onlar "ikinci mərtəbədə" daha güclüdürlər. Amma hər bir rəqibin zəif cəhətləri var. Robert Prosineçki bizə lazım olan məlumatları, necə oynamalı olduğumuzu deyəcək və biz də bundan yararlanmağa çalışacağıq.
- Belfastda da Çexiyadakı kimi qolsuz heç-heçəyə nail olmaq olar?
- Niyə də qalib gəlməyək? Hər bir rəqibə qarşı oynamaq olar. Bunu artıq isbatlamışıq. Əlbəttə, bizim üçün heç-heçə də uğurlu nəticə olacaq. Amma biz üç xalla qayıtmağın da əleyhinə deyilik. Hər şeyin necə nəticələnəcəyini isə oyun göstərəcək.
