Nazim Süleymanov: Millidə nəticə varsa, tənqid yersizdir
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Nazim Süleymanov komandamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir azərbaycanlı kimi, mən də Belfastda yığmamızdan yaxşı nəticə gözləyirəm. Komandamızı dəstəkləmək istəyirəm. Millini biz də dəstəkləməsək, kim dəstəkləyəcək? Komandaya inanırıq. Ümid edirəm ki, 1 xalla qayıda biləcəklər. Əvvəlki üç oyundan 7 xalla ayrılmışıq. Bu da liderlər qrupunda yer almağımıza şərait yaradıb. Fikrimcə, millimizə qrupdan çıxmaq şansını saxlamaq üçün heç-heçə də sərf edəcək. Şimali İrlandiya ilə səfərdə heç-heçə də böyük uğur sayılmalıdır".
Süleymanov baş məşqçi Robert Prosineçkinin klubunda oynamayan futbolçuları milliyə dəvət etdiyi üçün tənqidlərə məruz qalmasından da danışıb: "Mənə elə gəlir ki, bəzi futbolçuların oyun təcrübəsinin azlığının ciddi təsiri olmayacaq. Biz hələ Prosineçkinin ilk dəqiqələrdən kimə şans verəcəyini bilmirik. Əlbəttə, Dmitri Nazarov, Eddi İsrafilov, Emin Mahmudov və Ramil Şeydayevin oyun təcrübəsinə malik olması daha yaxşı olardı. İstənilən halda, Prosineçkini dəstəkləmək lazımdır. Bu oyunçuları çağırmağa qərar veribsə, buna hörmətlə yanaşmalıyıq, seçimini tənqid etməməliyik. Nəticə varsa, tənqid yersizdir".
