Devid Hili: Şimali İrlandiya bu dəfə Azərbaycana qalib gələcək
Şimali İrlandiya yığmasının sabiq hücumçusu, hazırda "Linfild" klubunun baş məşqçisi olan Devid Hili DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ölkəsinin yığma komandasının Azərbaycana qarşı keçirəcəyi oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Fikrimcə, Şimali İrlandiya bu dəfə qalib gələcək. Maykl O`Nil son illərdə komandada ciddi irəliləyişə nail ola bilib. Ardıcıl bir neçə oyundur komandamız doğma meydanda uduzmur. Bu seriyanı Azərbaycanla oyunda da davam etdirməyə çalışacaqlar".
"Azərbaycanla əvvəlki seçmə mərhələdəki oyunlarımız uğurlu alınmamışdı, onlar 6 mümkün xaldan 4-nü qazanmışdılar. Amma bu dəfə də elə olacağını düşünmürəm. İndi Şimali İrlandiya yığması daha təcrübəli komandadır. Heyətində Qaret Makkouli, Conni Evans, Stiven Devis kimi futbolçular çıxış edir. Onların qarşıdakı oyunda da uğur qazanmağa kömək edəcəklərinə inanıram".
Hilinin sözlərinə görə, qonaqlar üçün əsas təhlükə həmyerlisi Kayl Lafferti olacaq: "Kaylın ən böyük fanatlarındanam. O, insan kimi də xoşuma gəlir. Komandaya daha böyük fayda verə bilər. Kayl artıq 19 qol vurub. Yeganə məyusluq doğuran məqam onun klubunda istənilən qədər oynamamasıdır. Fikrimcə, o, ilk dəqiqələrdən oynamasından və ya sonradan meydana çıxmasından asılı olmayaraq, Azərbaycan üçün təhlükəli olacaq".
Sabiq futbolçu 2012-ci ilin noyabrında DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Belfastda Azərbaycana qarşı keçirdikləri oyunu da yada salıb: "Belfastda Azərbaycana qarşı keçirdiyimiz görüş mənim yığmadakı sonuncudan əvvəlki matçım idi. Sonra İsrailə də qarşı oynadım. Amma Azərbaycanla matç mənim yadımda daha çox qalıb. Çünki milli komandada 36-cı və sonuncu qolumu vurdum. Həmin oyuna qədər xeyli vaxt idi qol vurmurdum. Hiss edirdim ki, artıq karyeramın sonuna yaxınlaşıram. Amma oyundan sonra dedim ki, "Uindzor Park"da daha bir qol vura bildimsə, artıq sabah da nəsə olsa, xoşbəxt şəkildə ölə bilərəm. Həm də həmin qol bizi ağır bir məğlubiyyətdən xilas etdi. İnsanlar mənim İngiltərə, İspaniya, İsveç və digər böyük futbol ölkələrinin komandalarına vurduğum qolları xatırlayırlar. Amma Azərbaycana vurduğum həmin qol daim mənim xatirimdə qalacaq. Həmin dövrdə O`Nilə şübhə ilə yanaşanlar var idi. Lakin mən onun komandanın sükanı arxasına qalmasını istəyirdim. Bilirdim ki, vaxt verilsə, o, Şimali İrlandiyanı uğurlara daşıyacaq. Zamanla o, bunu bacardı".
(Belfast Telegraph)
