Elxan Abdullayev: Milli Belfastdan xalla qayıtmağı planlaşdırır
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- Millimizdə atmosfer necədir?
- Hər şey normaldır. Belfasta böyük ümidlərlə yollanırıq. Oradan xalla qayıtmağı planlaşdırırıq.
- Futbolçularımız həmişəkindən fərqli, bu dəfə milliyə autsayder yox, qrup liderlərindən biri kimi qayıdırlar. Bu, onlarda hiss olunurmu?
- Əlbəttə, liderlər qrupunda olmaq komanda üzvlərinə əlavə inam, ruh yüksəkliyi qazandırır. Amma eyni zamanda hər kəs onun da vacibliyini anlayır ki, indi turnir cədvəlinə xüsusi diqqət göstərməyə dəyməz. Biz hazırda ancaq irəliyə doğru addım atmaq barədə düşünməliyik. DÇ-yə düşmək üçün tarixi bir şans varsa, qarşımıza da məhz belə bir hədəf qoymağımız lazımdır. Bu fikir komandanı ruhlandırır, futbolçuları daha məsuliyyətli olmağa məcbur edir.
- Belfastda uğurlu nəticəyə ümid etmək olar?
- İstənilən halda buna çalışacağq. Buna ümidliyik. Əlbəttə, bizi çətin oyun gözləyir. Rəqibimiz ciddi komandadır. Amma şansımızdan yararlanmaq üçün əlimizdən gələni etməliyik.
- Mümkün qələbə və ya heç-heçə ikinci yeri tutmaq yolunda önəmli addım sayıla bilər?
- Komanda turnir cədvəlinin üst pillələrində qərarlaşanda bu statusu qorumaq istəyirsən. Qoy rəqiblər sənə çatmaq barədə düşünsünlər. Bu baxımdan qarşıdakı oyun çox önəmlidir. Uduzsaq, Şimali İrlandiya bizə çata bilər. Buna imkan verməsək, mövqeyimizi qoruyacağıq ki, bu da çox önəmlidir.
- İndiyə qədər liderlər qrupunda yer almadığımızı nəzərə alsaq, millimizin indiki uğurları futbolçular üzərində təzyiq yaratmır ki?
- Bu uğura elə həmin futbolçular imza atıblar. Buna hazır olmasaydılar, həmin uğurları əldə etməyi də bacarmazdılar. Qələbələr futbolçulara psixoloji baxımdan inam qazandırır. Bu baxımdan problemimiz olmamalıdır. Onlar nə üçün mübarizə apardıqlarını bilirlər.
- "Neftçi"nin heç də yaxşı günlər yaşamadığı bir dövrdə millinin düşərgəsinə yollanmağınız əlavə problem yaratmır?
- Öz yoxluğumu komandamız üçün ciddi itki saymıram. "Neftçi" noyabrın 9-da bir araya gələcək. Mən də cəmi 3 gün düşərgədə olmayacağam. Köməkçilərim var. Heç bir problem görmürəm.
- Sosial şəbəkələrdə azarkeşlər arasında sizin eyni zamanda millidə də çalışmağınızdan narazı olanlar var...
- Kimin harada çalışmasına azarkeşlər qərar vermirlər. Mən onları başa düşürəm. Özüm də bir işimin digərinə mane olduğunu görsəydim, heç ümumiyyətlə "Neftçi"də işləməyə razılıq verməzdim. Klubumuzun icraçı direktoru Orxan Hüseynzadə də demişdi ki, mənim millidə çalışmağımız oyunçularımız, bütövlükdə klubumuz üçün bir stimuldur. Sosial şəbəkələrdə hər adamın dediyi ilə oturub-durmağımız ciddi qəbul olunmaz.
- "Qarabağ" (0:2), "Qəbələ" (1:4) və "İnter"ə (2:1) qarşı keçirdiyiniz son üç oyundan cəmi 3 xalla ayrıldınız...
- Komandamızda inkişaf hiss olunur. Fiziki baxımdan hər şey normaldır. 90 dəqiqə dözürük. Amma bu gün üçün rəqiblərimizlə bərabər səviyyədə mübarizə aparmağa hazır deyilik. "İnter"ə qalib gəldik. Lakin mən bu gün əminliklə deyə bilmərəm ki, onlara qarşı beş oyun keçirsək, hamısında qalib gələrik. Bu oyunda hər cür nəticə qeydə alına bilərdi. Bizim qalib gəlməyimiz bundan sonra hər oyundan qələbə ilə ayrılacağımız anlamına gəlməməlidir. Bizdə hələ sabitlik yoxdur. Yəni liderlər qrupunda qərarlaşan bir komandaya qalib gələ bilərik, amma autsayderlərdən də birinə uduzarıq.
