Jonas Pessalli: Neftçinin oyunu ayrı-ayrı futbolçudan asılı olmamalıdır
"Neftçi"nin hücumçusu Jonas Pessalli Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Şadam ki, qələbə qazandıq. Qələbədə yaxından iştirak etdiyimə görə də sevincliyəm. "Neftçi" öz oyunu ilə göstərdi ki, öz meydanında güclü oyun sərgiləyə bilər. Amma daha yaxşı oynaya bilərik. Artıracağımıza inanıram.
- Sizcə, penalti qərarı doğru idi?
- Dəqiq deyə bilmərəm. Mənim üçün həmin epizodu şərh etmək çətindir.
- Daha bir epizodda penalti tələb edirdiniz. Həm anda sizə qarşı cərimə meydançasında qayda pozulmuşdu?
- Bəli, rəqib məni vurdu. Həmin epizod da penalti idi.
- "İnter" üzərində qələbə komandanızda nəyi dəyişəcək?
- Problemlər, səhvlər var. Onların üzərində çalışırıq. Bu oyunda da oldu. Bu səhvləri qarşıdakı oyunlarda təkrarlamamağa çalışacağıq.
- Beş legionerin əvəzedici komandaya göndərilməsi digər oyunçular üçün dərs oldu?
- Düşünmürəm ki, bunu kimlər üçünsə dərs olmasına görə etdilər. "Neftçi"nin oyunu bir neçə futbolçudan asılı olmamalıdır. Kim meydana çıxmalıdırsa, maksimum güc qoymalıdır. Sabah cəzalananlardan da hansısa geri qayıda bilər.
