Elxan Abdullayev: Qışa kimi onların xidmətindən yararlanacağıq
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün yerli uşaqlara üstünlük verdik. Son iki oyunda beş müdafiəçi ilə oynasaq da, bu gün dörd müdafiəçiylə çıxış etdik. Evdə oynadığımız üçün bizə xal və xallar çox lazım idi. Ona görə də belə sxem seçdik. Elvin Bədəlovla Rahil Məmmədov müdafiənin mərkəzində pis çıxış etmədi. Amma səhvləri var idi. Bu iki oyunçudan başqa həmin mövqedə oynadacağımız başqa futbolçumuz yoxdur. Görünür, bundan sonra qışa kimi onların xidmətindən yararlanacağıq. Qış fasiləsini gözləmək lazımdır ki, komandaya yeni futbolçular cəlb edək". (CBC)
