Rəşad Eyyubov: Qəbələ Sent-Etyendən heç nədə geri qalmadı
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Sent-Etyen" klubuna qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Növbəti məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Matça yaxşı başlamışdıq. Oyuna nəzarət edirdik. Amma hesabı açdığımız halda fasiləyə bərabərliklə yollanmalı olduq.
- "Qəbələ" "Sent-Etyen"ə nədə uduzdu?
- Rəqibdən nədəsə geri qaldığımızı düşünmürəm. Hər şey qaydasında idi. Sadəcə, alınmadı.
- Deməli, qələbə qazanmaq üçün ustalıq səviyyəsi baxımından çatışmadı...
- Belə deməzdim. Biz rəqiblə bərabər səviyyədə oynadıq. Hətta bəzi anlarda daha yaxşı təsir bağışladıq. Sadəcə, "Sent-Etyen" bizim səhvlərdən maksimum yararlandı. Əks halda onlar heç bizə qol da vura bilməzdi.
- Axı bu səhvləri buraxmağınıza da rəqib səbəb oldu. Eyni şeyi siz niyə bacarmadınız?
- Biz də çalışdıq. Çoxlu qol şansımız oldu. Biz də qol vuranda rəqib qapıçı səhv etdi.
- Sizcə, bu oyunun dönüş nöqtəsi hansı epizod oldu?
- Hakimin Poqbanı meydandan qovmaması. Orada rəqib futbolçuya qırmızı vərəqə verilməli idi. Amma hakim bunu etmədi.
- Növbəti oyunlara hansı motivasiya ilə çıxacaqsınız?
- Klubun imici naminə oynayacağıq. "Anderlext" və "Maynts"a qalib gəlməyə çalışacağıq.
