Qara Qarayev: Slovanla oyuna eyforiya ilə yollanmaq olmaz
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının 4-cü turu çərçivəsində Yunanıstanın PAOK klubu üzərində qazandıqları qələbədən (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Bilirdik çətin olacaq və komanda olaraq buna köklənmişdik. 1 xalla dönmək sürpriz idi. Amma şükürlər olsun ki, 3 xalla döndük. İkinci hissədə rəqib çox basqı etsə də, qolu vurub qələbə qazana bildik. Düşünürəm ki, bu, Azərbaycanın futbol tarixinə düşəcək qələbə oldu.
- PAOK-un futbolçuları sizi təxribata çəkməyə çalışırdılar. Buna hazır idiniz?
- Bəli, bilirdik ki, rəqib burada aqressiv oynayacaq. AEK-lə oyunda da bu cür oynamışdılar. Bilirdik ki, həmin oyun bizə hazırlıq idi.
- "Slovan"la səfər oyununa 1 xal dalınca getmək lazımdır, yoxsa necə?
- "Slovan"a uduzmasaq, bizim üçün böyük şans olacaq. Həmin oyuna eyforiya ilə yollanmaq olmaz. Bakıda uda bilmədiksə, orada ehtiyatlı yollanmalıyıq.
- Oyundan sonra soyunub-geyinmə otağında nə baş verdi. Almeyda özünü pis hiss edirdi deyəsən?
- Yox, heç nə baş verməyib. Sadəcə, polislər dedi ki, yığışıb komanda şəklində otaqdan çıxaq. Almeydanın durumundan xəbərim yoxdu, çünki mən orada yox idim.
- Rəhbərlik oyundan sonra nə dedi?
- Rəhbərlik həmişə bizim yanımızdadı. Bu gün də Fevzi bəy bizimlə idi.
- Demək olar ki, Aqollinin anasının gəlişi sizin üçün düşərli oldu?
- (gülür) Bu gün bir çox anaların duaları bizimlə idi və bu duaların da qələbəmizdə çox böyük payı oldu.
