Rəşad Sadıqov: Komanda həmin anda mənim də xoşuma gəldi
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının 4-cü turu çərçivəsində Yunanıstanın PAOK klubu üzərində qazandıqları qələbədən (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- “Qarabağ”ın vacib qələbələrindən bir idi. Bilirdik ki, heç-heçə də bizə sərf edir. Əsas məsələ məğlub olmamaq idi, buna köklənmişdik. Bilirdik ki, məğlub olsaq, şansımız çox azalacaq. Yaxşı müdafiə olunduq, qapandıq, imkan düşdükcə, hücumlar təşkil etdik və sonda qələbə qazandıq.
- İlk hissədə qol buraxmamaq “Qarabağ”ın düzgün müdafiə olunmasından irəli gəlir?
- Bilirdik ki, rəqib ilk hissədə güclü hücumlar təşkil edir. Ümumiyyətlə, səfərdə oynayanda, ilk 10-15 dəqiqə önəmlidir. PAOK isə ilk dəqiqələrdən basqılı oynamağı sevir. Buna baxmayaraq, bu təzyiqə dözə bildik.
- Yəqin ki, baş məşqçi sizə təxribata uymamaqla bağlı xəbərdarlıq etmişdi. Bəs siz necə, kapitan kimi futbolçulara tapşırmışdınız ki, futbolçular təxribata uymasınlar? Matçın əvvəlində Maksim Medvedev az qala belə bir təxribatın qurbanı olacaqdı...
- Həmin epizodun bizim üçün faydası oldu. Komanda həmin anda mənim də xoşuma gəldi. Özüm də məsələyə müdaxilə etməli oldum. Göstərdik ki, burada heç kimdən çəkinmirik. Tək qorxduğum Maksim Medvedevin 4-cü dəqiqədə sarı vərəqə almasaydı. Amma o, təcrübəli futbolçudur, sona qədər ikinci vərəqəni almadı.
- Sizə növbəti mərhələyə adlamaq üçün 1 xalın da bəs etdiyini nəzərə alsaq, bu, komandada arxayınlıq yaratmaz ki?
- Bunun üzərində məşqçilər düşünəcək, çalışacaqlar ki, belə bir halla üzləşməyək. Biz özümüz də uşaq deyilik. Bilirik ki, tarixi bir fürsətdir. Bunu qaçırmamalıyıq, arxayınlaşmamalıyıq. Sonadək ciddi mübarizə aparmaq lazımdır.
- “Qarabağ” son 3 mövsümdə ölkə çempionu olub. Bəlkə, bu mövsüm Premyer Liqanı kənara qoyub, Avropa Liqası barədə düşünəsiniz...
- Özünüz də görürsünüz ki, bu mövsüm əvvəlkilərdən daha çətin keçir, “Qəbələ” necə iddialıdır. Asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq. Ardıcıl dördüncü dəfə çempion ola bilsək, niyə də olmasın. Bacarmasaq, rəqibi təbrik edəcəyik. Axı həmişə biz çempion ola bilmərik.
- 2 il əvvəl İtaliya “İnter”i ilə o məlum maçtdan sonra demişdin ki, “bu mənim son şansımdı”. İndi necə düşünürsən?
- Onda demişdim ki, ola bilər. Vəsiqəni tam rəsmiləşdirəndən sonra bu suala tam cavab verəcəm. Baxaq, görək necə olacaq.
