Rəşad Sadıqov: Meydana çıxacağımı matçdan 2 saat öncə bildim
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları səfər qələbəsini şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Azərbaycan xalqını qələbə ilə sevindirə bildiyimiz üçün qürur hissi keçiririk. Asan olmadı, amma istəyimizə çata bildik. Oynayacağımı matçdan cəmi iki saat əvvəl öyrəndim. Oynamağım planda yox idi. Bu gün Qurban Qurbanov soruşdu ki, "oynaya biləcəksən?" Dedim ki, meydana buraxacağınız halda oynayaram. Heç bir söz demədi. Yalnız oyundan öncə bildim ki, meydana çıxacağam. Zədəli olduğuma görə heç normal məşq edə bilmirdim. Amma vacib oyunlarımız var idi. Onları buraxa bilməzdim. Şadam ki, bu oyunda da iştirak edə bildim. Aydın məsələdir ki, formada olmadığım üçün bir qədər çətin idi, topla istədiyim kimi davrana bilmirdim. Lakin istənilən halda hər şey uğurlu alındı. Bilirəm ki, bu qələbə hamımız üçün çox önəmlidir. Qarşıda daha iki vacib oyun var. Heç bir halda arxayınlaşmaq olmaz". (Idman)
