Rəşad Sadiqov: İspan hakim oyunu bərbad idarə etdi
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı nə deyə bilərsiniz?
- Əlbəttə, məğlub olduğumuz üçün üzgünük. Belə olmasını istəmirdik. Artıq qrupdan çıxmaq şansımızı itirsək də, mübarizəmizi sonadək davametdirəcəyik. Qrupu xalsız tərk etməməyə çalışacağıq.
- İndiyə qədər xal qazana bilməməyinizin səbəbi nədir?
- Dörd ardıcıl məğlubiyyət bizim üçün də xoş deyil. Sadəcə, rəqiblərimiz çox güclüdür. Çalışacağıq ki, son iki oyunda bu uğursuz gedişata son qoyaq.
- Hakimliyi necə şərh edərdiniz?
- İndiyə qədər hakimlik haqda danışmamışam. Amma bu gün özünüz də gördünüz ki, hakimlik necə bərbad vəziyyətdə idi. Heç bir qayda pozuntusu olmadığı halda cərimə zərbəsi təyin etdi, qonaqlar da hesabı bərabərləşdirdilər. Bu, psixoloji cəhətdən uşaqlara çox pis təsir etdi. Mənə elə gəlir ki, ispaniyalı hakim bu oyunu bərbad idarə etdi.
- İspanlar belə oyun idarə öz hakimlərimizdən nə gözləyək...
- Uşaqlara da söylədim ki, bu oyundan sonra bizim çempionatın hakimləri barədə danışmağa dəyməz.
- Qapıçı Dmitri Bezotosnının buraxdığı kobud səhv də komandanı "sındırdı"...
- Futbolda belə hallar olur. Ondan öncə Dima iki dəfə komandanı qoldan xilas etmişdi. Fasilədə hamımız onunla danışdıq, dəstək göstərdik. İkinci hissəyə pis başlamamışdıq. Qol vəziyyətlərimiz də var idi. Amma səhvə yol verdik. Mənim də səhvim oldu. Topu məndən alıb qol vurdular. Bu, hər kəsin başına gələ bilər.
- Roman Qriqorçuk oyundan sonra sizə nə dedi?
- Heç nə. Yaxşı oyuna görə komandaya təşəkkür etdi.
- Buraxdığınız səhvi nə ilə əlaqələndirə bilərsiniz?
- Avrokuboklarda 66 oyun keçirmişəm. Bu, ilk belə haldır ki, rəqib mənim səhvimdən sonra qol vurur. Gözlənilməz oldu. Mənim özümə də çox pis təsir etdi.
