Roman Qriqorçuk: Qəbələ Sent-Etyenlə bərabər səviyyədə mübarizə apardı
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirilmiş oyundan (1:2) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:
"İlk yarının sonlarında hakim onun qərarlarına etiraz etdiyimə görə məni texniki zonadan uzaqlaşdırdı. Buna görə heyfslənmirəm. Amma hesab edirəm ki, baş məşqçinin öz yerində olması lazımdır.
"Qəbələ" bu gün rəqiblə bərabər səviyyədə mübarizə apardı və buna görə şadam. Deməli, inkişaf var. Məncə, komanda yalnız ikinci qolu öz səhvimizdən buraxdı. Buna baxmayaraq, Rəşad Sadiqovu dəstəkləyirəm. Onu bağışlamaq olar. Rəşad komandamıza lazımdır. Teo Uiksə gəlincə, o, bu gün öz mövqeyində yox, dayaq yarımmüdafiəçisi kimi oynayırdı. Ola bilsin ki, buna görə oyunu istənilən səviyyədə alınmadı".
