Roman Qriqorçuk: 5-6 oyunçu ilə müdafiə olunmaq futbol deyil
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə komandadakı vəziyyətlə bağlı fikirlərini açıqlayıb:
- Baqali Dabo bu oyunda bizə kömək edə bilməyəcək. Rəşad Sadiqovla Nika Kvekveskiri isə hazırlaşırlar. Sabah kim daha yaxşı hazır olacaqsa, onlar da meydana çıxacaq. Start heyətini matç günü müəyyənləşdirəcəyəm.
- Bu matçı qrupdan çıxmaq baxımından ölüm-dirim mübarizəsi adlandırmaq olarmı? Çünki sizin üçün son şansdır...
- Hər şeyə real yanaşmaq lazımdır. "Böyük beşlik" ölkəsi çempionatında çıxış edən kluba qarşı oynayacağıq. Belə bir qrupdan çıxmaq bizim üçün möcüzə olar. Ötən il PAOK və "Krasnodar"la bərabər səviyyədə mübarizə apardıq. Amma indiki rəqiblərimiz bizdən bütün göstəricilərdə üstndürlər. Buna görə ruhdan düşmürük, sonadək mübarizə aparacağıq.
- Milli çempionatda uğurlu çıxış etsəniz də, Avroliqada xal qazana bilməmisiniz. Bu, futbolçularda əlavə gərginlik yaratmır?
- Psixoloji baxımdan təsirsiz ötüşdüyünü demək olmaz. Biz də qələbə qazanmaq istəyirik. Amma rəqiblərimiz də qarşılarına yüksək hədəflər qoyublar. Futbolçularımız layiqli çıxış edirlər. Xal qazana bilsək, ümumiyyətlə əla olar. Qrup mərhələsindəki çıxışımızı uğurlu adlandırmaq olmaz. Amma biz hər oyun nəsə öyrənməyə çalışırıq.
- Sabah müdafiədən oynayacaqsınız, ya hücum futbolu planlaşdırırsınız?
- Hər şeyə rəğmən, biz öz oyun stilimizi dəyişməyəcəyik. Beş-altı oyunçu ilə arxada oturmağı heç vaxt qəbul etməmişəm. Çünki bu, futbol deyil. Komanda yalnız o halda qalib gəlir ki, oyuna nəzarət edə, düzgün müdafiə oluna bilir. Sabah da 5-6 müdafiəçi ilə oynamağı düşünmürük. Nə qədər ki buradayam, "Qəbələ" elə futbol oynamayacaq.
- Artıq qrupdakı bütün rəqiblərlə qarşılaşmısınız. Hansı daha güclüdür?
- Fərqli komandalardır. Ona görə də sualınıza dəqiq cavab verməyəcəyəm. Hər birinin özünəməxsus oyun tərzi, güclü cəhətləri var. Hər biri sürətli oyun sərgiləyir.
