Arif Əsədov: PAOK-u səfərdə də məğlub etmək olar
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- "Neftçi"də son baş verənlərə münasibətiniz necədir?
- Legionerləri əvəzedici komandaya daha öncə də göndərmək olardı. Amma hamısını eyni vaxtda yox. Sadəcə, bu futbolçuların klubun səviyyəsinə uyğun gəlmədiyi görünürdü. Onlar komandaya xeyirdən çox ziyan vururlar. Legioner yerli futbolçudan güclü olmalıdır. "Neftçi"də çoxlu gənc futbolçu var. Onların yanında güclü legionerin olması lazımdır ki, ondan nəsə öyrənsinlər. Klubun son atdığı addım faydalı alınacaqsa, buna ancaq müsbət yanaşa bilərəm.
- Amma bütün bu tədbirlərə baxmayara, komanda autsayderlər qrupunda mövqeyini möhkəmləndirir...
- Premyer Liqadakı vəziyyətləri çox pisdir. Amma həmişə belə olacağını düşünmürəm. Sadəcə, bu vəziyyətdən çıxmaq üçün vaxt lazımdır.
- Elxan Abdullayev komandanı bu vəziyyətdən çıxaracaq məşqçidir?
- O, Azərbaycan yığma komandasının məşqçilər korpusunda yer alır. Təcrübəli mütəxəssisdir. Bu postu ona tapşırıblarsa, deməli, güvənirlər, inanırlar. Abdullayevin vaxtı azdır. Amma ona zaman tanımaq lazımdır.
- Avropa Liqasındakı təmsilçilərimizin çıxışı barədə nə düşünürsünüz? "Qəbələ"ninpley-off şansını itirdiyini söyləmək olar?
- Fikrimcə, bu komandanın qalan oyunları formal xarakter daşıyır. Amma bu, "Qəbələ"nin həmin oyunlara uduzmaq üçün çıxacağı anlamına gəlmir. Onların da müəyyən hədəfləri, istəkləri var. Ən azından onu nəzərə almaq lazımdır ki, indiyə qədər Avroliqanın qrup mərhələsində qələbə qazana bilməyiblər.
- Belə çıxır ki, "Qəbələ" artıq əsas diqqətini Premyer Liqamıza yönəltməlidir?
- Onlar çempionluğa real namizəddirlər. Qızıl medalın taleyi "Qarabağ"la "Qəbələ" arasında həll olunacaq.
- Roman Qriqorçukun komandasını çempionluğa hazır sayırsınız?
- Artıq vaxtdır. Komandanın indiyə qədər belə güclü heyəti olmayıb. Əminəm ki, baş məşqçi də artıq daxili çempionatda ciddi uğur qazanmaq arzusundadır. Onun buna nail olmaq üçün hər cür şəraiti, imkanı var.
- Bəs "Qarabağ"?
- Ağdamlılar Yunanıstanda uduzmasalar, qrupdan çıxmaq üçün çox yaxşı şans əldə edəcəklər. Komandanın belə ciddi hədəflər uğruda mübarizə aparmağa yetərincə gücü və təcrübəsi var.
- Yunanıstan klubları adətən öz meydanlarında güclü futbol sərgiləyirlər...
- "Qarabağ"ın düşərgəsində kiminsə asan oyun gözlədiyini düşünmürəm. Amma bu komanda istənilən rəqiblə səfərdə də uğurlu oynaya bilər. PAOK-u səfərdə də məğlub etmək olar. Bakıdakı ilk oyun da göstərdi ki, "Qarabağ" buna qadirdir.
