Kevin Monne-Pake: Qəbələyə səfərdə qalib gələcəyimizə inanıram
Fransanın "Sent-Etyen" klubunun hücumçusu Kevin Monne-Pake Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bakıda bizi çox ciddi oyun gözləyir. Məğlub olmağa haqqımız yoxdur. İrəliyə doğru daha bir inamlı addım atmaq istəyirik. Qələbə qazana bilsək, qrupdan çıxmaq şansımız xeyli artacaq".
"Bütün oyunlarda hər şey bizim istədiyimiz kimi alınmır. Avrokubok oyunları ümumiyyətlə ağır keçir. Elə "Qəbələ" ilə əvvəlki oyun da bu rəqiblə görüşümüzün necə çətin keçdiyini göstərdi".
"Onlar Fransadakı oyunda səfərdə çıxış edirdilər. Üstəlik, heyətlə bağlı problemləri var idi. Düzdür, həmin gün biz çox yaxşı oynadıq. Amma ələ düşən xeyli qol şansından yararlana bilmədik. Bakıda isə hər şey fərqli olacaq. Orada doğma meydan amili də rəqibin xeyrinə işləyəcək. Üstəlik, zədəli futbolçular da sıraya dönəcək".
Hücumçu əsas hədəflərinin qrupdan çıxmaq olduğunu bildirib: "Ötən mövsüm Avroliqanın pley-offuna çıxa bilmişdik. Ən azından bu il də həmin uğuru təkrarlamaq, ikinci yerlə qrupdan çıxmaq istəyirik. "Qəbələ"yə səfərdə qalib gələcəyimizə inanıram".
(Madeinfoot.com)
