Rəşad Sadıqov: Bu, psixoloji cəhətdən də pis təsir edir
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"PAOK-la görüş bizim üçün çox vacibdir. Çünki həlledici oyundur. Bakıdakı qarşılaşmada qalib gəldiyimizi nəzərə alsaq, uğurlu çıxışımızın davamını gətirməyimiz önəmlidir".
"PAOK-un doğma meydanında daha yaxşı oynadığını, güclü azarkeş dəstəyinə malik olduğunu bilirik. Rəqibin yaxşı komplektləşmiş heyəti də var. İndiki heyətdə 5-6 futbolçu var ki, onları çox yaxşı tanıyıram. Onların ikisi əvvəllər "Dnepr"də (Ukrayna), ikisi Türkiyə Super Liqasında, biri isə vaxtilə "Qəbələ"də çıxış edib. Ona görə də yunanların heyətini pis tanımırıq. Əlbəttə, rəqib də qələbə qazanmağa çalışacaq".
"Qarabağ"ın və milli komandamızın kapitanı son dövrlər əziyyət çəkdiyi zədəsinin indiki vəziyyətindən də söz açıb: "Həm yığmamızın Norveçlə oyununda, həm də PAOK-la görüşdə meydana çıxanda zədəmin tam sağalmadığını bilirdik. Həkimlər oyundan öncə də demişdilər ki, belə halda meydana çıxsan, vəziyyətini daha da ağırlaşdıra bilərsən. Amma bunlar elə vacib oyunlar idi ki, onları buraxa bilməzdim. Norveçlə oyundan sonra zədəm ağırlaşdı. Ona görə də bərpa olunmaq üçün vaxt lazım idi. Amma bunun üçün vaxt yox idi. Hazırda da müalicəm davam edir. Fərdi qaydada məşq edirəm. PAOK-a qarşı oynayıb-oynamayacağımı bilmirəm".
Sadıqov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyununda da iştirakının sual altında olduğunu söyləyib: "İndi mənə tam gücümlə hazırlaşmaq çox çətindir. Bu, bir qədər psixoloji cəhətdən də pis təsir edir. Çünki həm "Qarabağ"ın, həm də millimizin qarşıda çox vacib oyunları var. Həkimlər artıq qaçmağa icazə veriblər. İstənilən halda həm PAOK-a, həm də Şimali İrlandiyaya qarşı oynamaq istəyirəm. Əlbəttə, komandamızın xeyrinə olsa, kənarda qalmağa da hazıram. Yəni, necə lazım gələcəksə, elə də edəcəyəm".
