Vitali Vernidub: Sent-Etyenə qalib gəlməyə çalışacağıq
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi
- "Neftçi" üzərində 4:1 hesablı qələbə qazandığınız son oyunla bağlı fikirləriniz...
- Düzdür, qollar vurduq, qalib gəldik. Amma çətin oyun oldu.
- İlk dövrədə də bu rəqibə 8:0 hesabıyla qalib gəldiyinizi nəzərə alsaq, onların bu dəfə sizdən qisas almağa çalışacağından ehtiyatlanmırdınız?
- Buna görə "Neftçi"nin meydana ikiqat motivasiya ilə çıxacağını bilirdik. Həmin qələbənin təsadüfi olmadığını isbatlamağa çalışsaq da, əslində, sırf bu oyun barədə düşünürdük. Fikrimcə, bu, bizdə alındı.
- Oyun baxımından həmin nəticəni təkrarlamağa yaxın idiniz...
- Mən elə düşünmürəm. Çünki birinci dövrədəki hesab təsadüfi idi. Həmin nəticənin təkrarlanmayacağına 100 faiz əmin idim. "Neftçi" artıq özünə gəlir, öz oyununu yaxşılaşdırır. Fikrimcə, onlar yeni baş məşqçi ilə bütün problemlərini yoluna qoya biləcəklər.
- Bu halda olan rəqiblə oynamaq nə dərəcədə maraqlıdır?
- Hər klubun çətin günləri olur. Buna görə də maraqlı olub-olmadığını demək çətindir. Futbolda hər bir oyuna peşəkar səviyyədə hazırlaşmaq lazımdır. Hər oyundan öncə də rəqibin hansı vəziyyətdə olmasını yox, öz çıxışımızı düşünürük.
- Oyundan sonra rəqib futbolçu Jonas Pessalli ilə az qala dalaşacaqdınız...
- Adi oyun epizodu idi. Onun çiyni burnuma toxundu.
- Keçmiş kapitanınız Cavid Hüseynovun uzun fasilədən sonra meydana dönüşünü necə qarşıladınız?
- Onun qayıtmasına sevinirik. Hər oyunda daha da artırır, optimal formasına qayıdır. Ümid edirəm ki, tezliklə tam hazır olacaq və bizə kömək edəcək.
- Qarşıda Fransa "Sent-Etyen"i ilə Avroliqa matçınız var. Bu rəqibə doğma meydanda qalib gələ biləcəksiniz?
- Maraqlı oyun olacaq. Qarşıdakı oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmağa çalışacağıq. Hazırda heyətdə zədəli futbolçular var. Amma ümid edirəm ki, matça kimi hazır olacaqlar. Sonadək mübarizə aparacağıq.
