Elxan Abdullayev: Neftçi bu vəziyyətdən çıxacaq, özü də tezliklə
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- Katalin Tira vurduğu azarkeşdən üzr istəyib, barışsa da, klub onu qovmaqda sonadək israrlı oldu...
- Bunu adi bir insan etsəydi, müəyyən bəraət qazandırmaq olardı. Çünki hamının başına belə işlər gələ bilər. Amma futbolun öz qanunları, qaydaları var. Meydanda belə hərəkət yolverilməzdir. Tira komanda ilə görüşdü, hər kəsdən üzr istədi. Ona uğurlar arzuladıq. Mən də ona gələcəkdə belə məqamlarda öz emosiyalarını qorumağı məsləhət gördüm.
- Tira "Neftçi"də hər oyun qol vuran bir futbolçu olsaydı, yenə belə qərar verərdiniz?
- Bunun bir önəmi yoxdur. Bu cür davranış heç kim üçün bağışlanan deyil.
- Bəs digər beş legionerin əvəzedici komandaya göndərilməsini necə şərh edərdiniz?
- Həmin oyunçuları mən dəvət etməmişəm. Onlar burada maydan öncə oynayırdılar. Çox adam deyir ki, legionerlər "Neftçi"nin səviyyəsinə uyğun deyil, onları qovmaq lazımdır. Mən elə adam ki, heç kimin sözünə inanmıram, öz təcrübəmə güvənirəm. Bu futbolçulara da özlərini göstərmək üçün yetərincə vaxt verdim. Legionerlərə xüsusi tələbim var. Onlar etimadı doğrultmadılar. Əvəzedici komandaya göndərilən bu oyunçuları oradan dəvət etdiyimiz gənclərlə əvəz edəcəyik.
- Deməli, həmin legionerlər də qışda yola salınacaq?
- Belə söhbət olmayıb. Hamısının klubla müqaviləsi var. Ümumiyyətlə, mən bunu cəza növü saymıram. Bu, müvəqqəti haldır. Biz onlara öz səhvlərindən nəticə çıxarmaq, forma yığmaqüçün vaxt vermişik. Nə vaxt onları əsas komandaya lazım bilsəm, geri qaytaracağam.
- Bəs yerli oyunçuların cəzası nə olacaq?
- Yerlilərdən fərqli olaraq, əcnəbi futbolçular çox pul aldıqlarına görə, onlara tələbim də fərqli olur. Elvin Bədəlov, Rahil Məmmədov səhvə yol verəndə, bunu onların təcrübəsinin az olması ilə izah etmək olar. Amma eyni səhvi Makedoniya yığmasının müdafiəçisinin etməsi yolverilməzdir. Buna bəraət yoxdur.
- Futbolçulara pul cəriməsi də tətbiq olunur?
- Komanda ilə ilk dəfə görüşəndə də demişəm ki, mən sərt adamam və meydanda istəksiz olmağı, intizamsız davranışı qəbul etmirəm. Bunlar ilk sərt qərarlardır. Bu, komanda üzvləri üçün dərs olmayacaqsa, daha sərt qərarlar tətbiq oluna bilər.
- Məsələn?
- Klubun öz kodeksi var. Orada pul cəriməsi də var, digər cəzalar da.
- "Neftçi"nin son pillələrdə yer almasını qəbul etmək nə dərəcədə çətindir?
- Bu, indi məni o qədər də narahat etmir. Turnir cədvəlinə baxmıram. Necə çətin duruma düşdüyümüzü gözəl anlayıra. "Neftçi" indi öz yerində deyil. Amma bu vəziyyətdən çıxacağıq. Özü də tezliklə. Qışdan sonra komanda dəyişəcək. İndiyə qədər itirdiyimiz xalları da kompensasiya edəcəyik.
- Bəs rəhbərlik sizə bu qədər vaxt tanıyacaqmı?
- Məni iki aylıq eksperiment üçün dəvət etməyiblər. Mənə maya qədər vaxt veriblər. O vaxta kimi də heç kim qovmağa hazırlaşmır.
