Nuqzar Kvirtiya: Qarabağ kimi rəqiblərə qarşı açıq futbol oynamaq olmaz
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Qarabağ"a sonuncu dəfə 0:6 hesabıyla uduzmusunuz. Qisas hissi, arzusu var?
- Bəli, belə hesabla uduzmaq heç kimə xoş deyil. Biz də nə vaxtsa onlara belə böyük hesabla qalib gəlmişik. İndi "Qarabağ" yaxşı sürət yığıb. Belə komandaya qarşı oynamaq həm çətindir, həm də maraqlı. Amma futbolda nəticəni öncədən proqnozlaşdırmaq çətindir. Hər şey ola bilər. Hətta zəif komandalar da güclü klublardan xal ala bilirlər.
- İlk dövrədəki oyundan hansı nəticələr çıxarmısınız?
- "Qarabağ" kimi rəqiblərə qarşı açıq futbol oynamaq olmaz.
- Qalib gəlsəniz, yəqin ki, sizin üçün çox uğurlu nəticə olacaq?
- Bizə bir qələbə qazanmaq lazımdır ki, psixoloji baxımdan hər şey qaydasına düşsün. Buna çox ehtiyacımız var.
- Komandanızın uğursuz çıxışının səbəbini nədə görürsünüz?
- Yəqin ki, bu, öz gücümüzə inanmamağımızdan irəli gəlir. Ötən mövsümün də əvvəlində çox uğursuz çıxış edirdik. Amma sonradan toparlanmağı bacardıq. İnanıram ki, bu mövsüm də çətinliklərin öhdəsindən gələcəyik.
- Deməli, komandada yalnız özünəinam çatmır?
- Yeganə səbəbin bu olduğunu deməzdim. Amma bu, əsas amillərdən biridir.
