Amil Yunanov: Qəbələyə böyük hörmətim olduğuna görə qola xüsusi sevinmədim
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:2 hesablı heç-heçə ilə bağlı bunları qeyd edib:
"Oyun maraqlı alındı. Qələbə də qazana bilərdik. Üç dəfə top dirəkdən qayıtdı. Amma əsas odur ki, xal qazandıq. "Qəbələ" çempionatın lideri olsa da, onlardan xal almağı bacardıq. Vurduğum qola gəlincə, onu xüsusi bayram etmədim. Çünki 5 il "Qəbələ"də çıxış etmişəm. Klub rəhbərliyi, azarkeşlər həmişə mənə dəstək olub. "Qəbələ"yə böyük hörmətim var. Buna görə də qola çox da ciddi reaksiya vermədim. Baş məşqçimiz sağ olsun ki, oyundan sonra mənə dəstək oldu. Samir Abasov oyundan sonra topun qapı çatına dəyib qayıtdığı epizodla bağlı sual verdi. Dedim ki, top qapı xəttini keçməmişdi. Amma həmin epizodda qol vurmağımı çox istəyirdim".
