Vernidub: Azərbaycanda oynamaq maraqlıdır
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Ukrayna mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanş edir:
- Əvvəldən Ukrayna çempionatının "top komanda”sında oynamağı qarşıma məqsəd qoymuşdum. Vaxt gedirdi və demək olar ki, ağlasığmaz təklifə və inkişafa nail olmadım. Deməli, Ukraynanın "top komanda”larında oynayamağa yetəcək qədər yaxşı futbolçu deyildim. Səviyyəm necədir? Aşkar olaraq "top futbolçu” deyiləm. Axı mən "top komanda”larda oynamamışam. Yəqin ki, orta səviyyəliyəm. Bu, mənim fikrimdir. Ola bilər ki, kimsə başqa cür hesab edir. Ola bilər ki, yüksək, ola bilər aşağı səviyyədə... Mən artıq qarşıma məqsəd qoymuşdum, gözləməyə vaxt yox idi, yaş gedirdi...
"Qəbələ"dən təklif gəldi və açıq deyim ki, bu, maddi cəhətdən həm mənim, həm də ailəm üçün yaxşı və sərfəli idi. Bu üzdən qərar qəbul etməli oldum. Amma buna görə qətiyyən təəssüflənmirəm. Hamı deyirdi: "O, Azərbaycana karyerasını bitirməyə gedir”. Ancaq mən bir şeyi bilirdim ki, Roman İosifoviçin yanına gedirəm. Onunla isə karyeranı bitirmək real deyil. İnanın mənə. Siz lap Antarktidada pinqvinlərlə oynasanız belə, Qriqorçukla karyeranızı bitirməyəcəyiniz dəqiqdir.
Pul? Mən onu qazandım və qazanıram da. Ancaq hər şeydən önəmlisi odur ki, Avropa arenasında təcrübə əldə edirəm. Ötən il ciddi rəqibimiz vardı – "Borussiya” (Dortmund). Onunla oyun çox maraqlı idi. Bu il "Lill” oldu. Çoxları hesab edir ki, Azərbaycan çempionatı çox aşağı səviyyədədir. Ancaq mən belə deməzdim. Bu çempionatda oynamaq çox maraqlıdır. "Qarabağ” güclü komandadır. "Neftçi” var, heç də pis olmayan komandalar var ki, hətta bizim nəhəng klublarımıza da əziyyət verə bilərlər. Onlarla oyunlarda hətta aparıcı klublarımız əziyyət çəkərdilər. Elə "Qarabağ”ın özü çox ciddi komandadır. Bu komanda Avropa arenasında da özünü göstərib. Azərbaycanda oynamaq maraqlıdır.
- Azərbaycan çempionatını Ukrayna Premyer Liqasından əsas fərqləndirən nədir?
- Matçların çoxu sintetik, süni ot örtüklü meydançalarda keçirilir. Bu, biz az mənfi cəhətdir. Bir qarşılaşmanı təbii ot örtüyündə oynayırsan, növbəti matçı sintetik örtükdə. Bir az çətindir.
- Azərbaycan komandalarının Ukrayna klubları ilə müqayisədə maddi vəziyyəti necədir?
- Təxminən, Ukraynadakı kimidir: iki-üç komanda var ki, maddi vəziyyəti çox yaxşıdır. Digərlərində bir az pisdir. Təxminən eyni vəziyyətdir.
- Yuri Vernidub (Vitalinin atası - red.) deyirdi ki, "Qəbələ”də az oynayırsan...
- Bəli, çempionatın ilk yarısında az oynayırdım. Ancaq ona görə ki, yetərincə yaxşı deyildim. Qaydasında olsaydım, oynayardım. Problem yalnız məndə idi. Hər şeyi tez yoluna qoymaq, vəziyyəti dəyişmək, komandaya böyük fayda vermək istəyirdim. Fikrimcə, bu, ötən çempionatın sonunda məndə alındı. İstədiyimə nail oldum. Bundan sonra qarşıma əsas heyətdə oynamağı məqsəd qoyuram. Atam fikirləşirdi ki, mən komandamı dəyişmək haqda düşünürəm? Yəqin ki, o məni düzgün başa düşməyib. Ancaq komandanı dəyişməklə bağlı söhbət olmamışdı.
Atama hörmət edirəm. Ona sadəcə, dedim ki, belə şeyləri söyləmək lazım deyil. Çünki belə alınar ki, mən qalmaqala gedirəm. Mən isə bunu qətiyyən etmirəm. Həmişə problemi ilk növbədə özümdə axtarıram.
- Yeri gəlmişkən, "Qəbələ"dən səndən başqa daha bir ukraynalı var - Dmitri Bezotosnı. Onunla münasibətiniz necədir?
- Qəbələdə ayrılıqda yaşayırıq, ancaq səfərdə birgə qalmağa çalışırıq. Daim ünsiyyətdə oluruq, bir-birimizi uzaq buraxmamağa çalışırıq. Gülərək deyirik ki, artıq iki qardaş kimiyik. Bu yaxında məşqə eyni əşyalarla gəlmişdik. Dedim, "birgə yaşamağımız hədər getmir".
- Futbol arzunuz nədir?
- Əlbəttə, istənilən futbolçumuzun arzusu Ukrayna yığmasında oynamaqdır. Ancaq başa düşürəm ki, bu, artıq çətindir. Daha gənc, istedadlı, güclü futbolçular var. Başa düşürəm ki, ora düşmək artıq çətin olacaq. Ancaq arzulamağı heç kim qadağa etmir. Ona görə də yığma haqda düşünürəm.
- Ukraynalı Azərbaycan haqda hansı 3 şeyi bilməlidir?
- Birincisi, orada qoyun ətini çox sevirlər. İkincisi, Bakıda çox isti olur. 35 dərəcə temperatur yay üçün normadır. Amma elə hiss var ki, kimsə gəlir və arxadan fenlə səni küləkləyir. Üçüncüsü, Azərbaycanda çox inanclı insanlar var. Onlar inanca çox həssas yanaşırlar və bu məsələdə səliqəli davranmaq lazımdır. Danışığına fikir verməli və ümumiyyətlə, insanlara hörmət göstərməlisən. Məni insanların Ramazanda necə dözdükləri təəccübləndirir. Həmin dövrdə onlara gündüz vaxtı yemək, içmək olmaz. Bu, günəş batanadək belə davam etməlidir. Məhz həmin dövrdə bizim gündə iki ağır məşqimiz olur. Onlar isə dözürlər: yemirlər, su içmirlər. Məni həmçinin Azərbaycanda böyüklərə çox böyük hörmət göstərilməsi də təəccübləndirir.
- Gənc futbolçular bir qədər yaşlılara qarşı necə davranır?
- Həmişə özlərindən böyükləri irəli buraxırlar. Onlara kofe gətirirlər. Elə hallar olur ki, bel çantalarını aparırlar.
- Bəs Azərbaycanda nəyə alışmaq çətindir?
- Avtomobil idarə etməyə. Orada sürücülər çox ekstravaqantdırlar. Sürücü əlini qaldırdısa, hamı dayanmalı və onun iki maşın arasından keçməsini gözləməlidir. Çox özünəməxsus yol hərəkəti qaydaları var. Demək olar ki, hərənin öz qaydası mövcuddur. Buna görə də mən orada maşın sürmürəm.
