Qurban Qurbanov: PAOK-la oyunda qələbə daha çox bizə lazımdır
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri oyun öncəsi bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə bunları söyləyib:
- Bu, qrup mərhələsində 3-cü oyunumuzdu. Hamımız üçün əhəmiyyətli matçdır. Yaxşı nəticə əldə etmək üçün hər şeyi düzgün etmək lazımdır. Komandam oyuna hazırdı. Baxmayaraq ki, heyətdə itkilər var. Rəqibi ətraflı analiz etmişik. PAOK-un 4 xalı var, hələ uduzmayıblar.
- Yunanlar 6 səfər matçında yenilməyiblər. Onları necə məğlub etməyi düşünürsünüz?
- Futbolda məğlubedilməz komanda yoxdu. Hamının pik nöqtəsi olur. Nə qədər ciddi rəqib olsa da, qələbə bizə daha çox lazımdı. Alınıb-alınmayacağını oyun göstərəcək. Sürətli oynamaq lazımdır. Bu komandaya qalib gəlmək üçün bütün vasitələrdən istifadə etmək istəyirik.
- Rəşad Sadıqovun durumu necədir, oynaya biləcək?
-Sabah oynayıb-oynamayacağını dəqiq bilmirəm. Yığmadan zədəli qayıdıb. Yalnız dünən komanda ilə məşq edib. Oynamaq ehtimalı çoxdu. Baxmayaraq ki, sabahkı matça tam hazır deyil. Amma risk edib, meydana buraxacağıq. Həkimlərlə, Rəşadın özü ilə danışılacaq. Həkimlər ağrıları aradan qaldırmaq üçün əlindən gələni etməlidlər.
- Bu oyuna bilet satışı çox aşağıdır...
- Mən azarkeşlərimizdən həmişə razıyam. Ola bilər ki, bu dəfə sayları əvvəlki qədər olmasın. Amma bizimlə olacaqlarına əminəm. Avroliqa oyunlarında hər şey heç də bizim istədiyimiz kimi olmur.
- Sabah hansısa ev tapşırıqları olacaq?
- Bəli, olacaq. Amma onları açıqlamaq istəmirəm. PAOK ciddi rəqibdir. Yunanlar xarakterli millətdi. Biz də xarakter göstərməliyik. Ola bilsin, meydanda gözəl oyundan çox, döyüşkən mübarizə oldu.
- Meydançanın durumundan razısnız?
- Havadan çox şey asılıdır. Buna görə son məşqi də orada etmədik. Yağışlı hava olsa, mümkündü ki, problem olsun.
- Sabah meydanda 2 hücumçu görə bilərik?
- Bəzən hücuma çıxanda 5-6 oyunçumuz irəlidə olur. Öz oyunumuzdan kənara çıxmamağa çalışırıq. Oyunun gedişatında əlavə hücumçulardan yararlanmaq olar.
- Elvin Yunuszadəni bağışlamısnız?
- Həyatda yox, amma futbolda bağışlamışam. Dünən komanda ilə məşqlərə başlayıb. Amma sabah meydanda olmayacaq.
