Futbolçusunun stadiona vurduğu zərəri Sumqayıt ödəyəcək
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” - “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Qarabağ” - “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyun bitdikdən sonra “Sumqayıt”ın futbolçusu tərəfindən 4-cü hakim üçün nəzərdə tutulmuş yerin şüşə hissəsinin sındırıldığı müəyyən olunub. Dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi məbləğ “Sumqayıt” klubu tərəfindən ödəniləcək.
“Zirə” - “Neftçi” matçında “Neftçi”nin futbolçusu Vüsal Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
