Prosineçki: Foqts Bakıda yaşamırdı, amma mən bunu həlledici amil sayıram
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına yeni açıqlamalar verib. Azerisport.az xəbər veir ki, o, komandamızın DÇ-2018-in seçmə mərhələsinə uğurlu startından danışıb:
"Mənim Azərbaycan yığmasına gəlişimdən sonra nə dəyişib? İlk növbədə onu qeyd etməliyəm ki, mən burada yaşayıram. Özümdən əvvəl bu postda çalışmış Berti Foqtsu tənqid etmək istəməzdim. Berti Foqts dünya futbolunda böyük addır. Həm futbolçu, həm də məşqçi kimi Almaniya ilə böyük uğurlara imza atıb. Amma o, Azərbaycanda yaşamırdı, oyundan-oyuna gəlirdi. Mən bunu həlledici amil hesab edirəm. Burada olduğum üçün daim oyunlara gedirəm, hər bir futbolçunun meydanda nə etdiyini yaxşı bilirəm. Bizim son dövrlərdə yaxşı legionerlərimiz də peyda olub. Eddi İsrafilov İspaniyanın "Kadis" klubunda çıxış edir. Qapıçımız Kamran Ağayev bir müddət əvvəl Portuqaliyanın "Boavişta" klubuna keçdi. Dmitri Nazarov Almaniyanın ikinci Bundesliqa klubu "Ersgebirge"də çıxış edir. Futbolçuların əksəriyyəti yerli çempionatda çıxış edir. Milliyə namizəd olan təxminən 25 futbolçudan 20-si Azərbaycanda oynadığı üçün daim burada olmağa, onları izləməyə çalışıram".
"Hələ ötən seçmə mərhələ zamanı Norveçlə səfərdə (0:0) və evdə Xorvatiya ilə heç-heçə (0:0) edəndə hiss etmişdim ki, bu komanda daha da inkişaf edəcək və buna inanmaq lazımdır. Azərbaycan yığması indiyə qədər ilk üç seçmə mərhələ matçında 7 xal toplamamışdı. Buna baxmayaraq, heç bir eyforiyaya qapılmaq istəmirəm. Başa düşürəm ki, bizim üçün dünya çempionatına vəsiqə qazanmaq çox çətin olacaq. Fikrimcə, AÇ-2020-yə vəsiqə qazanmağımız daha real görünür. Çünki həmin seçmə mərhələdə hətta qrupda üçüncü yeri tutan komandanın da belə bir şansı olacaq. Əsas hədəfimiz ölkəni ən layiqli şəkildə təmsil etmək, yaxşı oyun sərgiləməkdir. Qarşıda bizi Şimali İrlandiya ilə oyun gözləyirr. Belfastda işimiz çətin olacaq Bu üzdən də daha yaxşı hazırlaşmaq üçün Şimali İrlandiyaya oyundan üç gün əvvəl yollanacağıq. Bu komandanı AÇ-2016 zamanı da izləmişəm. Fiziki cəhətdən möhkəm komandadır. "İkinci mərtəbə"də oynamağı sevirlər. Bu baxımdan futbolçularımız onlardan geri qalırlar, amma o qədər də zəif deyillər".
Azərbaycanlı futbolçuların mentalitetcə Türkiyəyə və ya Rusiyaya daha yaxın olması barədə sualı xorvatiyalı mütəxəssis belə cavablandırıb: "Azərbaycanlılar fenomenaldırlar. Hələ karyeramda belə şey görməmişəm. Bütün futbolçular məşqlərdə maksimum güc sərf edirlər və matça tam hazır olmağa çalışırlar. Özüm də futbolçu olmuşam və nə dediyimi bilirəm. Azərbaycanlılar təbiətcə döyüşkəndirlər. Məsələn, son Olimpiya Oyunlarında Azərbaycana ən çox medalı güləşçilər, cüdoçular, boksçular qazandırdılar. Burada hər kəsin qalib mentalitetdə anadan olduğunu iddia etmirəm. Amma bundan uzaq da deyillər. Millinin ardıcıl uğurlu nəticələrindən sonra eyforiya olduğu hiss edilir. Lakin istənilən halda bu futbolçularla çalışmaq mənim üçün çox xoşdur".
Prosineçki bu seçmə mərhələ üçün ilkin planlarını da açıqlayıb: "Planımız hər oyunda yaxşı çıxış etmək idi. San Marino ilə ilk oyundan qələbə ilə qayıtmaq istəyirdik, buna da nail olduq. Ondan sonra isə bunun davamını gətirmək barədə düşünməyə başladıq. Düzdür, ötən seçmə mərhələnin sonundakı yaxşı oyunlardan sonra San Marino üzərindəki 1:0 hesablı qələbə və parlaq olmayan çıxışımız heç də hər kəsin ürəyincə olmadı. Amma Norveç üzərində qələbə bu fikirləri dəyişdi. Halbuki, Norveçi çox təhlükəli rəqib hesab edirəm. Bu oyundan sonra müəyyən eyforiya olsa da, Çexiyadan da sərfəli nəticə ilə qayıtdıq. Nəticədən hər birimiz razıyıq. Artıq daha yaxşı oynamağa başlamışıq, taktiki səhvlərə yol verməməyə, doğru qərarlar qəbul etməyə çalışırıq. Buna görə Belfastdakı oyun öncəsi də optimistəm. Bu oyun bizim üçün vacib və həlledici əhəmiyyət kəsb edir. Oradan yenə naməğlub və ya qələbə ilə qayıtsaq, daha böyük tarix yazmaq imkanı əldə edə bilərik".
Millimizin çalışdırıcısı Almaniya ilə rəqabət aparmaqdan da söz açıb: "Almaniya rəqabətdən kənar komandadır. Fikrimcə, qrupumuzda heç bir komanda onlarla rəqabət aparmaq barədə düşünmür. Onların çexləri necə darmadağın etdiyini (3:0) gördüm, heç bir əziyyətə qatlaşmadılar. Hər üç oyunda əla çıxış ediblər. Bu komandaya qarşı yaxşı mübarizə aparmaq üçün superoyunçuların olmalıdır".
(Jutarnji)
