Sergey Zenyov: İnterlə oyunda 2 xal itirdik
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "İnter"lə oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Matçla bağlı fikirləriniz...
- Belə bir oyunu şərh etmək çətindir. Süni örtüklü meydançada oynamaq çox ağırdır. Hər şey tam fərqli alınır. "İnter Arena"nın örtüyü o qədər də keyfiyyətli deyil.
- Bir xal qazandınız, ya iki xal itirdiniz?
- Fikrimcə, itirdik. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Buna nail ola bilmədiksə, deməli, itkidən danışmağa dəyər.
- Hesabı məhz siz bərabərləşdirdiniz. Meydana daha tez buraxılsaydınız, daha çox qol vura biləzdiniz?
- (gülür) Yəqin ki. Amma bunu təsdiq etmək çətindir. Yaxşı ki, ən azı bir qol vurdum.
- "Qəbələ" bu mövsüm "İnter"lə niyə bacarmır?
- Bu, onların əbəs yerdə ikinci yerdə getmədiklərinin göstəricisidir. "İnter" güclü və yaxşı komandadır. Heyətində yaxşı ifaçılar var.
- Quru hesablı oyun seriyanızın başa çatmasına üzüldünüz?
- Təəssüf. Amma bu, ən vacib deyil. Vacib olan xal toplamaqdır.
- Qarşıda "Sent-Etyen"lə Avroliqa matçı var...
- "Sent-Etyen" layiqli rəqibdir. Təəssüf ki, Fransa klubu ilə oyun öncəsi iki aparıcı futbolçumuz zədələndi. Onların oynayıb-oynamayacağını heç bilmirəm.
- Fransızlarla oyunların sizin üçün həlledici olacağını bilirsiniz?
- Bu komanda ilə oyunlardan sonra bizim üçün hər şeyin bitdiyini düşünmək istəmirəm. Hər oyuna xüsusi və maksimum hədəf üçün çıxacağıq.
