Zurab Xizanişvili: Qəbələnin quru seriyası mənim üçün təəccüb doğurmurdu
"İnter"in müdafiəçisi Zurab Xizanişvili Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, gürcü futbolçu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun idi. "Qəbələ" turnir cədvəlində liderdir. Bütövlükdə, kifayət qədər güclü komandadır. Matçın gedişində hesabda öndə idik və bu üstünlüyü qoruya bilmədik. Amma heç-heçənin də pis nəticə olmadığını düşünürəm".
"Qələbə qazana bilməməyimizi rəqibin gücü ilə əlaqələndirərdim. Onlar bu mövsüm yaxşı çıxış edirlər. Çempionatda yaxşı gedirlər. Əbəs yerə ilk dövrədə bir dənə də qol buraxmamışdı. Məğlub da olmayıblar. Bütün bunlar rəqibin gücündən xəbər verir".
"Belə rəqibə qarşı oynamaq çtindir. Düzdür, biz birinci qol vurmağa nail olduq. Amma üstünlüyümüzü qoruya bilmədik. Xoşagəlməz qol buraxdıq".
Təcrübəli müdafiəçi "Qəbələ"yə bu mövsüm yeganə qol vuran, onlardan xal almağı bacaran komanda olmalarına da münasibət bildirib: "Bəli, ilk dövrədə də "Qəbələ"dən xal almışdıq. Bu dəfə isə indiyə qədər qol buraxmayan rəqibimizi ilk dəfə mərkəzə dəvət etdik. Onların quru seriyası mənim üçün təəccüblü deyil. "Qəbələ" həm müdafiədə, həmdə hücumda kompakt oyuna üstünlük verir. Buna baxmayaraq, biz qol vurmağı bacardıq".
