Kamran Ağayev 90 dəqiqə oynadı, Boavişta mərhələ adladı
Futbol üzrə Portuqaliya Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçuları - qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun komandası - "Boavişta" da ölkə kubokunda ilk sınağına çıxıb.
Əvvəlki mərhələlərdən azad olan "Boavişta" kubokun yeni mövsümündəki debüt matçında səfərdə "Unian Leyriya" ilə qarşılaşıb. Aşağı Liqa təmsilçisi ilə görüş futbolçularımızın komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, Kamranla Eminin komandası adını növbəti mərhələyə yazdırıb.
"Boavişta"nı bu oyuna yeni baş məşqçisi Migel Leal çıxarıb. O, Kamran Ağayevi start heyətdə meydana buraxıb və millimizin qapıçısı 90 dəqiqə mübarizə aparıb. Eminin adı isə bu matçın da iştirak ərizəsinə daxil edilməyib.
