Zaur Svanadze: Qəbələ ilə matçda qələbəyə oynayacağıq
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Komandanız çempionatdakı fasilədən necə yararlandı?
- Bir yoxlama oyunu keçirdik. Təəssüf ki, zədə səbəbindən Samir Zərgərovla Adrian Skarlatake bizimlə deyildi. Onlara yığmadan zədəli qayıdan Mirsahib Abbasov da qoşuldu.
- Qarşıda sizi "Qəbələ" ilə prinsipial matç gözləyir. Amma onları da bu oyundan sonra Avropa Liqasında həlledici qarşılaşma gözləyir. Bunu nəzərə alsaq, "Qəbələ"nin sizinlə matçda nə dərəcədə risk etməsi mümkündür?
- Onlar Avroliqada daha çox legionerlərdən yararlanırlar. Ona görə də bizimlə matçda döyüşkən heyətlə mübarizə aparacaqlarına şübhə etmirəm. Amma bütün bunların bizim üçün heç bir önəmi yoxdur. Odur ki, öz oyunumuz barədə düşünürük. Bu oyunu yaxşı səviyyədə keçirmək istəyirik.
- Birinci dövrədə yalnız bir heç-heçəsi olan lider "Qəbələ"dən yeganə xal alan komanda məhz "İnter" olmuşdu...
- Ümid edirəm ki, davamını da gətirə biləcəyik (gülümsəyir).
- Svanadze Roman Qriqorçukun komandasını necə saxlamaq lazım olduğunu bilir?
- Hər bir rəqibimizi yaxşı analiz etməyə çalışırıq. Əminəm ki, rəqiblərimiz də bunu edir. Qurduğumuz plan üzrə hərəkət etməyə və yaxşı oynamağa çalışacağıq.
- Sizə elə gəlmir ki, "Qəbələ" inamlı şəkildə çempionluğa gedir?
- Biz bununla barışmalı deyilik. Bu komandanı dayandırmaq istəyirik. Bunun üçün qarşıdak oyunda qələbəyə oynamalıyıq.
- "İnter"dən milliyə beş futbolçu (Rauf Əliyev, Ruslan Abışov, Səlahət Ağayev, Tərlan Quliyev və Ağabala Ramazanov) dəvət alsa da, onlardan yalnız biri meydana çıxmaq şansı qazandı...
- Digərlərinin niyə oynamadığı barədə heç nə deyə bilmərəm. Ümid edirəm ki, növbəti oyunlarda onların da belə imkanları olacaq. Bunun üçün isə öz üzərlərində daha çox çalışmalı, artırmalıdırlar. Klubda pis oynamırlar, amma görünür, bu, yetərli deyil. Çünki yığmada daha güclü rəqabət var. Deməli, bundan da artıq səy göstərmək lazımdır.
- Ağabala Ramazanovun millidəki çıxışını necə qiymətləndirərdiniz?
- Çox çalışdı. Hər iki oyunda komandanın hətta müdafiə xəttinə də böyük köməyi dəydi. Bütövlükdə, Azərbaycan yığması bu seçmə mərhələdə təəccübləndirir. Keyfiyyətli oyun sərgiləyirlər, futbolçular meydanda dayanmırlar. Komandanın yaxşı müdafiə xətti var, əks-hücumları çox təhlükəlidir. Seçmə mərhələyə yaxşı başlayıblar. Ümid edirəm ki, bununla kifayətlənməyəcəklər.
