Vüqar Əsgərov: Yığmamız bu qrupdan çıxmağa qadirdir
Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda Latviyanın "Olayne" klubunda çıxış edən Vüqar Əsgərov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki çıxışından söz açıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Yığmamızın Norveç (1:0) və Çexiya (0:0) ilə oyunlardan 4 xalla ayrılacağını söyləmişdim. Millinin güclü olduğunu bilirdim. Futbolçuların hər biri meydandakı oyunu ilə necə güclü olduğunu göstərdi. Hər iki oyuna həyəcanla baxdım".
Təcrübəli hücumçunun sözlərinə görə, gələn ay Belfastda Şimali İrlandiyadan da xal almaq lazımdır: "Artıq Şimali İrlandiya ilə səfər oyununa uduzmamaq vacib əhəmiyyət daşıyır. Oradan da xalla qayıda bilsələr, əla olacaq. İnanın ki, şimali irlandiyalılar artıq Azərbaycan yığmasından ehtiyatlanırlar. Orada ən azı bir xal qazanılsa, San Marino, Çexiya və Şimali İrlandiya ilə ev oyunlarımız qalacaq. Bu oyunların hər birindən qələbə ilə ayrılmağımız realdır. Ümid edirəm ki, elə də olacaq".
Əsgərovun fikrincə, yığmamızın indiki heyəti daha böyük hədəflərə çatmağa qadirdir: "Səhv etmirəmsə, Şimali İrlandiya ilə son oyunumuzda onlarla səfərdə 1:1 hesablı bərabərlik əldə etmişik. Özü də bizimkilər son dəqiqələrdə qələbəni əldən veriblər. Bakıda isə onları məğlub ediblər. Bunu indi də reallaşdırmaq mümkündür. Yığmamız qrupdan çıxmağa qadirdir. Sadəcə, buna inanmaq lazımdır. Geridə artıq üç tur qalıb. Biz də komandanı dəstəkləməliyik".
