Xətai Bağırov: Maksimum nəticə qazanmaq istəyirik
"Araz"ın hücumçusu Xətai Bağırov komandanın UEFA Kubokundakı çıxışı ilə əlaqədar azerisport.az saytının suallarını cavablandırıb.
- "Araz" ilk iki oyundakı qələbə sayəsində artıq elit mərhələyə vəsiqəni təmin etdi. Çıxışınızın belə uğurlu alınacağını gözləyirdiniz?
- Reytinq baxımından rəqiblərimizin hamısından üstün idik. Bunu bilirdik və gücümüzə inanırdıq. Şadam ki, bu, bizdə alındı.
- "Araz"ın Kosovo "Feniks"i ilə oyunundakı yeganə qolu siz vurdunuz. Amma 1:0 futzalda çox nadir rast gəlinən hesabdı...
- Qələbə qazansaq da, çox çətin oyun oldu. Matçın qəhrəmanı "Feniks"in qapıçısı idi. O, fantastik seyvlər etdi.
- Amma futzalda hamı kimin qol vurduğunu xatırlayır...
- Komandamızın hər bir üzvü çalışdı. Uşaqlar sağ olsunlar ki, şans yaratdılar, mən də vurdum. Əsas üç xaldır.
- Gürcüstan çempionu "Tiflis Universiteti" ilə oyunda da (7:1) qol vurmuşdunuz...
- Onlar da bizə qarşı yaxşı hazırlaşmışdılar. Hətta bizim oyunumuzu, bəzi futzalçılarımızı tanıyırdılar. Böyük hesabla qalib gəlsək də, matç çətin alındı.
- Yerli "Jelezarets"lə oyunda da qol vurmaq planınız var?
- Meydan sahiblərinə qarşı oynamaq həmişə çətin olur. Amma biz maksimum nəticə qazanmaq istəyirik. Qələbəyə ümid edirəm.
- "Araz"ın Azərbaycan yığmasının oyunçularından ibarət olduğunu hamı bilir. Millimizin DÇ-dəki uğurlu çıxışından sonra rəqiblər sizdən nə dərəcədə çəkinirlər?
- "Araz"da yığma üzvləri çoxdur. Amma bizi həm dünya çempionatından öncə, həm də sonra güclü rəqib hesab ediblər.
