Robert Prosineçki: Mənim Azərbaycan yığması ilə bağlı planlarım var
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki müsahibəsində millimizdəki işindən, Bakıdakı həyatından danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
"Azərbaycanda gördüyüm işin nəticəsini tədricən görməyə başlamaq çox xoşdur. Hesab edirəm ki, dünya çempionatına vəsiqə qazana bilərik. Amma bunu bizdən heç də hamı gözləmir. Məsələn, Azərbaycanda hətta ən optimist adamlar da gözləməzdi ki, biz Norveç və Çexiya ilə oyunlardan dörd xalla ayrılarıq. Azərbaycan futbolu inkişafdadır və biz doğru yoldayıq".
Prosineçki perspektiv barədə söz açarkən ehtiyatlı danışıb: "Çox çətin qrupa düşmüşük. Fikrimcə, biz burada əsl gücümüzü görəcəyik. Şadam ki, istənilən rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Dünya çempionatına vəsiqə qazanmaq çox çətin olacaq. Amma mən yazmağa başladığımız tarixin davamının gəlməsini istərdim".
Xorvatiyalı mütəxəssis öz ölkəsini çalışdırmaq barədə suala belə cavab verib: "Həyatın sabah sizə hansı sürprizlər bəxş edəcəyini bilmirsiniz. Kim bilir ki, sabah nə olacaq? Amma indi mən bu suala cavab vermək üçün özümü komfortlu hiss etmirəm. Çünki Xorvatiya yığmasının öz baş məşqçisi var. Mənim isə Azərbaycan yığması ilə bağlı planlarım var".
Millimizin baş məşqçisi Bakıdakı həyatından da söz açıb: "Hər şey möhtəşəmdir. Burada mənim yaşamağım və çalışmağım üçün hər cür şərait yaradılıb. Bir sözlə, çox şadam".
