Kazbek Tuayev: Millimiz bu mükafata layiqdir
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışına münasibətiniz maraqlıdır...
- Norveçlə oyunu (1:0) stadiondan izlədim. Adətən, millinin matçlarına televizordan baxıram. Amma bu dəfə "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsindən sonra əhvalım yaxşı idi və buna görə, millinin oyununu canlı izləməyə qərar verdim. Uşaqlar sağ olsunlar ki, əhval-ruhiyyəmi daha da yaxşılaşdırdılar. Bizim üçün indi ən vacib məsələ xal toplamaqdır. Komandamızın pis oynadığını, daha çox müdafiə olunduğunu deyənlər də var. Amma başa düşmək lazımdır ki, futbolda nəticə daha önəmlidir, necə oynamaq isə bu baxımdan o qədər də önəm daşımır. Robert Prosineçki müxtəlif taktiki variantlardan istifadə edir. Komandamız artıq düzgün oynamağa başlayıb. Bizə başqa nə lazımdı ki?
- Bəs sizcə, birdən-birə nə baş verdi ki, komanda belə oynamağa başladı?
- Heç nə baş verməyib. Sadəcə, bacardığımız oyunu göstərməyə başlamışıq. Qrupda almanları qabaqlamaq çətin olacaq. Amma ikinci yer uğrunda mübarizə apara bilərik. İndi bunun mümkün olduğunu sübut edirik.
- Sizcə, yığmamız qarşısına qrupdan çıxmaq hədəfi qoyacaq səviyyəyə çatıb?
- Gördüyünüz kimi, yaranıb. Hər növbəti oyunda iddia, iştaha daha da artır. Artıq Rusiyaya yollanmaq üçün mübarizə aparmaq olar.
- Yəni Rusiyaya yollanmağı bu qədər çox istəyirik?
- DÇ-2018-ə yollanmaq istəyirik, Rusiyaya yox. Rusiyaya hər saat gedə bilərik. Şəxsən mənim üçün millimizin dünya çempionatındakı iştirakı ən böyük xoşbəxtlik olar. Amma millimizin indiki nəticələri də çox xoşdur. Artıq bizdən danışmağa başlayıblar.
- Şeydayev nə qədər yaxşı oynayırs, Rusiyada onun haqqında bir o qədər də çox danışırlar. Bəs o qol vurmağa başlasa...
- Rusların problemlərinin mənə aidiyyatı yoxdur. Biz Şeydayevin nə vaxt əsl oyununu göstərəcəyini gözləyirik. Ona bunu arzulayıram. Çünki bundan sonra Şeydayevə də, komandası üçün də çətin olacaq. Rəqiblərimiz millimizə daha ciddi yanaşacaqlar. Ramil də öz oyunu ilə yığmaya kömək etməlidir. Pis futbolçu deyil. Bizim yetirməmiz olmasa da, qanı bizimkidir. Əsas da budur.
- Bəs Emin Mahmudov?
- O da özünü göstərə bilər. İndi onun üçün əsas məsələ klubunda oynamasıdır.
- Bu iki oyuna görə hər futbolçumuza təxminən 80 000 manat mükafat çox deyil?
- Mükafat mövzusunda danışmaq istəmirəm. Ümid edirəm ki, futbolçularımız daha çox qazanar. AFFA doğrudan da belə yüksək mükafat verirsə, deməli, milli üzvləri buna layiqdirlər. Bu, onların zəhmətinin haqqıdır. Siz onların nail olduğu uğura baxın. Millimizin qazandığı uğurdan bütün Avropa danışır. Nə vaxt belə bir şey olmuşdu.
